
Bakıda 2019-cu ildə keçiriləcək Avropa Yeniyetmələrin Olimpiya Festivalının (EYOF) iştirakçıları yataqxanalarda qala bilərlər.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə bu gün Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
O hər bir ölkədə festival keçirilən zaman idmançıların yataqxana tipli məkanlarda yerləşdirildiyini deyib: "Onlar 16-18 yaşlı idmançılardır. Bizim 2019-cu ildə başqa imkanlarımız olacaq ki, həmin idmançıları rahat şəkildə yerləşdirək. Dövlət planına əsasən, 2019-cu ilə qədər ali məktəblər üçün yataqxanalar tikiləcək. Festival iştirakçılarının da ya bu yataqxanalarda, ya da hansısa düşərgələrdə yerləşdirilə biləcəyi mümkündür. Yanvarın 26-da İsveçrədə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada EYOF-un Bakıda təşkilinə dair müqavilə imzalanacaq. Bundan sonra Təşkilat Komitəsi yaranacaq və o zaman idmançıları harada yerləşdiriləcəyimizi düşünəcəyik. Hazırkı Atletlər kəndi çox yüksək səviyyədədir və o yeniyetmələr üçün deyil".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları zamanı ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində qalıb. Həmçinin bu il baş tutacaq IV İslam Həmrəyliyi Oyunları zamanı da nümayəndə heyətləri həmin məkanda məskunlaşacaq.
Onu da bildirək ki, Bakıda keçiriləcək Avropa Yeniyetmələrin Olimpiya Festivalı 1991-ci ildən etibarən hər 2 ildən bir keçirilir. 2015-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən yarış bu il Macarıstanın Dyör şəhərində baş tutacaq. Azərbaycandakı yarış 15-ci yarış olacaq.
Qaynarinfo.Az