Dünya 13:25 22.11.2022

Ədliyyə Nazirliyi Saakaşvilinin toksikoloji ekspertizasını keçirəcəyini vəd etdi

"Heç kəsin sualı olmasın” deyə Gürcüstanın Ədliyyə nazirliyi Gürcüstanın məhkum olunmuş üçüncü prezidenti Mixail Saakaşvilinin tam toksikoloji ekspertizasının keçirilməsinə qərar verib.

Qaynarinfo "Newsgeorgia.ge” portalına isrinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze bildirib.
 
Saakaşvilinin səhhətinin pisləşməsinə səbəb zəhərlənmədir, - onun vəkili Valeri Gelbaxiani deyir. Onun sözlərinə görə, xarici ekspertiza onun orqanizmində zəhərli maddələrin olduğunu təsdiqləyib. Vəkil bu həftə təfərrüatları açıqlayacağını vəd edir.

Penitensiar Xidmət bu iddiaların əsassız olduğunu və heç bir sübut təqdim olunmadığını bildirib.

"İctimaiyyətin bir sualı qalmasın deyə, toksikoloji ekspertiza keçirilməsi və cəmiyyətin Mixail Saakaşvilinin səhhətinin vəziyyəti barədə dolğun və əhatəli məlumat əldə etməsi üçün Samxarauli adına Milli Mərkəzə müraciət edəcəyik”, - nazir bildirib.

Breqadze hər kəsi yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırıb. Eyni zamanda o bildirib ki, əgər kiminsə Saakaşvilinin zəhərlənməsi ilə bağlı iddialara sübutu varsa, onları təqdim etmək lazımdır.

Xatırladaq ki, Mixail Saakaşvilinin anası Qiuli Alasaniya iddia edir ki, onun orqanizmində ağır metalların - civə, barium, talliumun miqdarının artması aşkar edilib. Ailəsi və vəkilləri onun təcili olaraq xaricə müalicə üçün köçürülməsini tələb edirlər.

Gürcüstan hakimiyyəti iddia edir ki, Saakaşviliyə yerli klinikada bütün lazımi yardım göstərilir və onun səhhəti o qədər də narahatlıq doğurmur.

Qeyd edək ki, Saakaşvili bir neçə aydır iki aclıq aksiyasından sonra həbsxanadan köçürüldüyü Tbilisidəki "Vivamed” klinikasında qalır.

Nizami Bağırov