Xəbər lenti

Şəki sakini Məşğulluq Agentliyini ittiham edir:
Ekonomiks 18:06 29.11.2024

Şəki sakini Məşğulluq Agentliyini ittiham edir: "Xəstə heyvanları verirlər" - Rəsmi açıqlama

Şəkidə Yeni Çələbixan qəsəbəsində məskunlaşan Laçın rayonu, Katos kənd sakini Əbdül Abdullayevə Dövlət Məşğulluq Agentliyinin verdiyi qoyunlar xəstə olduğundan geri qaytarılıb.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Kənd sakini qoyunların onu 200 manat xərcə saldığını qeyd edib:

"Kasıb adamam, məcburi köçkünəm. Dolana bilmədik, buna görə həyat yoldaşım "Məşğulluğa" müraciət etdi. Bizə 21 baş qoyun gətirdilər. Onun hamısı xəstələndi, ikisi də tələf oldu. Qoyunlara görə aptekdən 200 manatlıq dərman aldım. Bu gün həmin borcu verə bilməmişəm. Dövlət Məşğulluq Agentliyinə müraciət etdik, Kənd Təsərrüfat Nazirliyindən nümayəndə gəldi və həqiqətən də qoyunların xəstə olduğunu gördü. Səhər tezdən 19 qoyunu geri qaytardılar. Ondan sonra ardı-arda bizə 3 dəfə qoyun gətirdilər. Həmin heyvanlar da xəstə çıxdı. Baxırsan ağzında bir dişi yox, qoca heyvanlardır, ayağı ayağına ilişir, yeriyə bilmirlər. Həmin heyvanları qəbul etsəm, yenə də xərcə düşəcəm. Belə şey olar? Heyvanlar xəstə olduğundan birini də qəbul etmədim. Belə məsəl var "eşşək palçığa bir dəfə batır". Bir dəfə palçığa batmışam da, ancaq dəli özünü ikinci dəfə xərcə salar". 

Əbdül Abdullayev bildirib ki, Dövlət Məşğulluq Agentliyinin ailələyə verdiyi yardım kasıba cərimədən başqa bir şey deyil:

"Gəlir baxır ki, verdiyi qoyun xəstədir, aparanda söz verir, sənə sağlam heyvan gətirəcəm. Amma gətirmirlər, qoyunların hamısı xəstədir. Xahiş edirəm, mənim səsimi yuxarılara çatdırın. Məsələ ilə bağlı Prezidentə, Dövlət Sosial Fonduna müraciət etmişəm. Oktyabrın 18-də Sahil Babayev Qax rayonuna gəlmişdi, onunla görüşümə imkan vermədilər. Nazir bu gün də Oğuz rayonuna gəlib, qəbuluna yazıldım, amma yenə də onunla görüşə imkan vermədilər".

Şikayətçi Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarının onun nazirlə görüşünə mane olmasının səbəbini açıqlayıb:

"Əlimdə yetərincə fakt var, qorxurlar ki, onları nazirə təqdim edərəm. Bu heyvanların sənədləri var, onu alanda imza atırsan. Həmin sənədləri vətəndaşa vermirlər. Məbləği bizdən gizlədirlər. Həyat yoldaşım xəstə, ikinci qrup əlildir. Biz heyvanı aldıq ki, irəli düşək, kasıblıqdan qurtaraq, amma daha da geri saldılar. Sağlam heyvan istəyirəm. Amma bunların gətirdiyi heyvanları maşına qaldıranda baxırsan ki, əsir, ayaqüstə dura bilmir. Ayaqüstə dura bilməyən heyvan artım verər? Bizə verilən heyvanları 80 manata alırlar. Səsimizi eşidən yoxdur".

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Vamiq Nəsirov Qaynarinfo-ya bildirib ki, Şəki rayonu, Çələbixan qəsəbəsi sakini Abdullayeva Tünzalə Fizuli qızının (Əbdül Abdullayevin həyat yoldaşı-red.) müraciəti araşdırılıb:

"Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır. 29.08.2024-cü il tarixdə o, "qoyunçulqu təsərrüfatı” zərfi üzrə aktivlərlə təmin olunub. 12.09.2024-cü il tarixdə vətəndaş Məşğulluq filialına müraciət edərək heyvanlardan birinin tələf olduğunu bildirərək digər heyvanların da dəyişdirilməsini tələb edib. Tünzalə Abdullayevanın müraciəti üzrə sənədləri aidiyyəti üzrə baxılması üçün göndərilib. Vətəndaş bir neçə dəfə yeni aktivlərlə təmin olunmaq üçün paylanış prosesinə dəvət edilib. Hər dəfə Tünzalə Abdullayeva heyvanları götürməkdən imtina edib".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->