Rusiyanın Madriddəki səfiri Yuri Klimenko "Twitter” mikrobloqlar şəbəkəsindəki səfirliyin səhifəsindəki paylaşımına görə İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Confidencial” qəzeti mənbələrə istinadən
yazıb.
Qəzetin yazdığı kimi, diplomatik missiyanın səhifəsində "İspaniyanın Ukraynaya qoşun yeritdiyinə işarə edən” video yayımlanıb. Görüntülərdə hərbi geyimli iki silahlı şəxs "Ukrayna səngərində” olduqlarını ispan dilində çatdırıb. Video hazırda səfirliyin rus və ispan dillərində aparılan hesablarında yoxdur. Qəzet onun silindiyini iddia edir.
İspaniya Müdafiə Nazirliyi ispan əsgərlərinin Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün göndərilməsi ilə bağlı məlumatları təkzib edib.
"El Confidencial"ın məlumatına görə, Xarici və Qlobal Məsələlər üzrə Dövlət Katibi Anceles Moreno Klimenko ilə görüşüb və videonun görünməsi ilə bağlı izahat tələb edib. Rusiya tərəfi İspaniya Xarici İşlər Nazirliyinin tələbi ilə videonun silinməsinə razılıq verib. Qəzet yazır ki, Madridin çevik reaksiyası və səfirin danışdığı nazirlik əməkdaşının yüksək mövqeyi (nəşr Morenonu departamentdə "iki nömrəli şəxs” adlandırır) İspaniyanın "Kremldən gələn” dezinformasiya ilə mübarizəyə nə qədər ciddi yanaşdığını göstərir".
Alpər