
”Bu, "El" klubudur. Yəni Şən və Hazırcavablar Klubu kimi. "El" də belə bir qrupdur, ictimai-siyasi hərəkat, dalğa deyil. Hərəkatın arxasında xalq durur. "El"də isə ordan-burdan qovulmuşlar, Rusiyanın agentləri, Azərbaycanda üç adamın yanında hörməti olmayan, yararsız rejissorlar, heç bir yerdə özünə yer qazana bilməyən adamlar toplaşıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Trend-ə müsahibəsində deyib. O bildirib ki, həmin qurumda Eldəniz Quliyev də var: “O, ömründə bir ssenari yazıb, o da "Cin mikrorayonda", qurtardı getdi. Yəni Qarabağla bağlı, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı heç bir iş görməyib, adını da qoyub ziyalı. Sənin haran ziyalıdır? Sən rejissorsansa, bu o demək deyil ki, sən ziyalısan. Sənin nəyin ziyalıdır? Ziyalı kimi xalqın qarşısında hansı vəzifəni yerinə yetirmisən? Və yaxud da Eldar Namazov, oradan-ora qovulur, buradan-bura, Rusiyanın agentidir.
Deyirlər ki, guya Rüstəm İbrahimbəyov gələcək, Milli Şura yaradacaq. Rüstəm İbrahimbəyov kimdir axı? Olsa-olsa, yaxşı halda bir ssenaristdir. Rüstəm İbrahimbəyov iki adama rəhbərlik etməyib, dövlət adamı deyil, dövlətçilikdə təcrübəsi yoxdur, siyasətdə təcrübəsi yoxdur, 70-dən yuxarı yaşı olan bir adam ömrü boyu bir "jek" müdiri belə işləməyib. Bu adam kimdir axı? Azərbaycanda gülüş doğurur? Guya bu gəlib rəhbər olacaq, ölkəni idarə edəcək, nə bilim nə. Guya Azərbaycan dağılıb gedir. Azərbaycanda inkişaf var, tərəqqi var. Onların hamısı bir yerdə Azərbaycanda bir "jek" müdirinə dəyməzlər. Yəni bir "jek" müdiri "El" hərəkatına yığışanları necə lazımdır idarə edər. Bunlar hamısı şoudur, seçki ərəfəsi olan məsələlərdir. Ona görə heç bir perspektivləri yoxdur, bir az gəzişəcəklər, orda-burda danışacaqlar, oturacaqlar, duracaqlar, bununla da yekunlaşacaq”.
Qaynar.info