Xəbər lenti

İdman 16:06 14.12.2023

Əliyar Ağayev "Mançester Siti"nin oyununu necə idarə edib? - Sabiq FİFA referisinin baxışı

Azərbaycanın təcrübəli FİFA referisi Əliyar Ağayev ötən gün Çempionlar Liqasının qrup mərhələsində növbəti matçını idarə etdi. "Srvena Zvezda” - "Mançester Siti” görüşünün baş hakimi olan Ağayevin idarəçiliyi haqda müxtəlif fikirlər səsləndirilir. Bəs hakimimiz ötən il Çempionlar Liqasının qalibi olan "Mançester Siti”nin oyununu idarə etmək üçün həm psixoloji, həm fiziki cəhətdən nə dərəcədə hazır idi, onun köməkçiləri görüşə hansı səviyyədə hazırlaşmışdı?

Bu barədə keçmiş FİFA referisi Tahir Süleymanov fikirlərini bildirib. O, Qaynarinfo-ya açıqlamasında Ağayevin başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyini bu şəkildə qiymətləndirib:

"Futbol ictimaiyyəti arasında fikirlər müxtəlif olduğu üçün Əliyar Ağayevin və ya digər referilərimizin daxili çempionat oyunlarındakı hakimliyi ilə Çempionlar Liqası, avrokuboklardakı idarəçiliyi müzakirə olunur, müqayisələr aparılır. Kompleks halda yanaşılsa, fərqli səviyyələrdir. Azərbaycan olaraq böyük futbolda, mötəbər yarışlarda, istər komanda, istərsə hakimlik adına təmsil olunmağımız çox müsbət məqamdır. Dolu tribunalı, möhtəşəm azarkeş dəstəyi ilə keçən görüşdə fərqli hissələr oynanıldı. İlk yarıda, əsasən də hesab açılandan sonra, orta tempdə keçən qarşılaşmada "Mançester Siti" meydanda tam dominantlıq edirdi. İkili mübarizələr azlıq təşkil etdiyi üçün, referinin işi də asanlaşırdı. Təsadüfi deyil, ancaq ilk hissənin sonunda Əliyar Ağayev sarı vərəqəyə əl atdı. Fasiləyə yollanarkən mançesterli "10 nömrə”nin hakimə haqsız etirazı, mübahisəsi fonunda, komanda yoldaşları futbolçunu sakitləşdirsələr də, sarı vərəqənin göstərilməsi ən doğru qərar olardı. Bu, nöqsan deyil, gələcək oyunlar üçün tövsiyədir. Çempionlar Liqası tam fərqli səviyyədir və hər bir incəlik nəzərə alınır. Necə ki, futbolçusunun hakimə olan haqsız etirazını sezən Pep Qvardiola fasilədə dərhal əvəzləməyə əl ataraq baş hakimin tərəfində olduğunu, oyun intizamı ilə yanaşı, davranış qaydalarının vacibliyini isbatladı və daha gərgin keçən ikinci yarıda ingilislərin referiyə qarşı mübahisələrinə son qoyuldu. Bu, birbaşa baş məşqçinin tapşırığı idi.
İkinci hissə daha sürətli, dinamik başladı, belqradlılar sürəti artırdılar, rəqib meydanda komanda şəklində pressinqə keçdilər və 45-60-cı dəqiqələr arası Əliyar Ağayev oyundakı ən çətin anlarını yaşadı. Baş hakim belə gedişə hazır idi və futbolçular tərəfindən yol verilən kobudluqların qarşısı qətiyyətlə alınır, rəsmi xəbərdarlıqlar edilirdi. İkinci qoldan sonra görüşdə nisbi rahatlıq yaransa da, son 20-25 dəqiqədə qarşılıqlı mübarizə, yerli komandanın rəqib üzərinə təzyiqi artdı. Bunun sayəsində ilk cavab qolu vuruldu və görüş daha da prinsipial xarakter almağa başladı, nüfuz savaşı gərginliyi artırdı. Əliyar Ağayev bu dəqiqələrdə soyuqqanlığını qorudu, oyuna nəzarəti əlində saxladı. Artıq meydanda açıq futbol gedirdi və referi qarşılıqlı hücumlarda epizodlara yaxın olmağa çalışırdı. Belə anların birində, Əliyar kobudluğa dərhal reaksiya göstərərək çox inamlı şəkildə serbiyalıların qapısına penalti zərbəsi təyin etdi. Verilmiş qərarı hər iki tərəf, tribunalar birmənalı olaraq qəbul etdi.
3:1-dən sonra gözləmək olardı ki, görüş rahat məcraya keçəcək. "Srvena Zvezda" bunu qəbul etmədi, sona kimi mübarizə apararaq daha bir qol vura bildi. Oyunun bu tərzdə davam etməsi, sona kimi gərginliyin qorunması, tribunaların barışmazlığı, Ağayevin də məsuliyyətini artırırdı. Baş hakimimiz öz briqadası ilə bolqollu, prinsipial keçən ikinci hissədə, layiqli idarəçiliyi ilə qarşılaşmanı sona çatdırdı. Azərbaycan futbolu, hakimliyi adına qarşıdakı məsul təyinatlarda Əliyar Ağayevə və digər referilərimizə uğurlar arzu edirəm”.

Süleymanov hakimlər briqadasının oyuna həm fiziki həm də psixoloji cəhətdən hazır olduğunu, bu mənada problem yaşamadıqlarını söyləyib:

"Əliyar fiziki baxımdan hər zaman hazır olub. Referinin hakimlik tərzi, psixoloji olaraq da yerində idi. Təbii, istənilən görüşdə müəyyən həyəcan hər zaman olur, əsas, bunları hiss etdirməmək, oyuna nəzarəti əlində saxlamaqdır. 
 
Qiymətləndirməyə gəlincə, görüşü yaxşı səviyyədə idarə etdi. Köməçilərlə sinxron əlaqə, anlaşma yüksək idi. Ofsayd epizodları az olduğu üçün, köməkçilərin üzərinə çox yük düşmədi. İlk qolda köməkçinin incə epizodda ofsaydı düzgün qiymətləndirməsi alqışalayiqdir. Ümumilikdə, köməkçilər özlərinə inamlı idilər və baş hakimlə qərarlarda ciddi fikir ayrılığı yaşanmadı. Ağayev və briqadası artıq təcrübəli hakimlər sayılır, dəfələrlə avrokubok oyunlarına çıxıblar. Bu qarşılaşma da istisna deyildi”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->