13 Mart 2015-ci il tarixində Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib. Bu barədə İctimai Televiziyanın rəsmi saytında məlumat yerləşdirilib.
Xəbərə görə, münsiflər heyəti finala çıxan 3 şəxsin adını açıqlayıb. Onların arasında “O səs Türkiyə” müsabiqəsinin qalibi, Azərbaycanı ilk dəfə “Eurovision”da Samir Cavadzadə ilə birlikdə təmsil edən Elnur Hüseynovun da adı var.
Elnur Hüseynov yenidən Azərbaycanı təmsil edərsə, hansı nəticələr gözlənə bilər?
2008-ci ildə Elnuru yarışa hazırlayan bəstəkar Gövhər Həsənzadə bu barədə musavat.com-a danışaraq “Eurovision” mahnı müsabiqəsini “siyasi yarış” adlandırdı.
Onun sözlərinə görə, müsabiqədə təkcə mahnı və səs rol oynamır, siyasi predmetlər də müsabiqənin taleyini həll edir: “Elnurun yenidən namizədlər arasında olması məni çox sevindirdi. Onun hər bir qalibiyyəti mənim də uğrumdur. 2008-ci ildə Elnuru və Samiri müsabiqəyə hazırlamaq mənim öhdəmdə idi. Bacardığım qədər bu işin öhdəsindən gəlməyə çalışdım və ilk çıxışımıza baxmayaraq təmsilçilərimiz 132 balla 8-ci oldular.
Elnur hazrıda Türkiyədədr, onunla mütəmadi olaraq əlaqə saxlamağımıza baxmayaraq yenidən təmsilçilk barəsində söhbətimiz olmayıb. Onun ifası, bacarığı göz qabağındadır. Doğrudur, ifaçıdan çox şey aslıdır, lakin onu müsabiqəyə hazırlayanların da qabiliyyəti əsas rol oynayır. Hazırki nümayəndə heyəti və digər təmsilçilər barəsində heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, İctimai Televiziyanın baş direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da daxil olduğu münsiflər heyəti ölkəmizi “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçının - Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynovun arasından ölkənin bu ilki təmsilçisini müəyyən ediblər.
Elnur Hüseynovdan başqa digər təmsilçilər barəsində araşdrıma aparsaq da onların ifa və fəaliyyəti haqqında heç bir məlumat əldə bilmədik. Nədənsə münsiflər ölkəmizi müsabiqədə təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məsələsində qapalı seçim ediblər.
Xatırladaq ki, Elnurun Azərbaycanı bu müsabiqədə təmsil edəcəyi ilə bağlı xəbərlər hələ bir neçə ay bundan əvvəl yayılsa da, İTV bu məlumatın doğruluğunu inkar edirdi.
Qaynar.info