Siyasət 17:36 26.03.2024

Emin Tarverdiyev: "Solovyov kimilərə fürsət verməmək üçün maksimum tədbirli davranmalıyıq"

Moskvada baş verən terror hadisəsi bir daha sübut etdi ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalması düzgün qərardır. Biri var ölkəyə gündə bir neçə istiqamətdən yüz minlərlə adam gələ, biri var bir istiqamətdən on minlər. Bunların arasında təhlükəsizliyi təmin etmək baxımından təbii ki, ikinci daha düzgün variantdır.

Bunu Qaynarinfo-ya açıqlamasında "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev deyib. Onun sözlərinə görə, hazırda quru sərhədlərin bağlı olması bir sıra çətinliklər yaratsa da, təhlükəsizlik baxımından əlverişlidir: 

"Bilirsiniz ki, Azərbaycan postmüharibə dövrünü yaşayır, böyük bir qələbə qazanmışıq. Hazırda dövlətimizi gözü götürməyən qüvvələr çoxdur, daxildə gərginlik yaratmaq, ölkədə xaosa nail olmaq istəyən xeyli qüvvələr var. Ona görə də maksimum ehtiyatlı olmalıyıq. Bu baxımdan hələlik quru sərhədlərimizin bağlı qalması düzgün qərardır. Digər tərəfdən, bəzi nadürüstlər, məsələn, Solovyov kimiləri, Moskvada "Crocus City Hall”da baş verən terror aktında Azərbaycan izi axtarırlar. Solovyov kimi sarsaqlara fürsət verməmək üçün maksimum tədbirli davranmalıyıq. Moskvada baş verən terror hadisəsini İŞID terror təşkilatı öz üzərinə götürsə də, ondan başqa məqsədlər üçün istifadə etməyə, əldə bayraq etməyə çalışan qüvvələr də yox deyil. Bütün bunları göz önünə gətirdikdə, bir daha əmin oluruq ki, doğrudan da Azərbaycan dövlətinə nəyi nə zaman və necə edəcəyini dəqiq bilən adam rəhbərlik edir”.

Emin Tarverdiyev açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin bu günlərdə keçirdiyi əməliyyatla icra başçısına sui-qəsdə hazırlaşan şəxsin saxlanmasını da xatırlatdı: 

"Bildiyiniz kimi, Lənkəranın icra başçısı Taleh Qaraşovu öldürməyə hazırlaşan şəxs zərərsizləşdirildi. Bunun özü də bir daha göstərdi ki, nə qədər həssas zamandayıq, bütün addımlarımız, qərarlarımız mütləq ölçülüb-biçilməlidir. Bu məsələdə bütün məsuliyyəti dövlətin üzərinə atmaq da düzgün deyil. Bizlər də vətəndaş cəmiyyəti nümayəndələri olaraq, bu ölkənin sakinləri olaraq ayıq-sayıq olmalıyıq, ətrafımızda baş verən proseslərə qiymət verməyi bacarmalıyıq”.