Xəbər lenti

Endryu ilə bağlı gizli sənədlər açıqlanacaq - Britaniya qərar verdi
Dünya 11:55 25.02.2026

Endryu ilə bağlı gizli sənədlər açıqlanacaq - Britaniya qərar verdi

Böyük Britaniya parlamenti keçmiş şahzadə Endryu ilə bağlı gizli hökumət sənədlərinin açıqlanmasını tələb edən təklifi qəbul edib. Qərar onun ticarət nümayəndəsi olduğu dövrdə hökumət hesabatlarını amerikalı maliyyəçi Ceffri Epşteyn ilə paylaşdığı iddiaları fonunda qəbul olunub.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya hökuməti bildirib ki, Endryunun ticarət nümayəndəsi vəzifəsinə təyin edilməsi ilə bağlı gizli sənədlər parlamentdə aparılan gərgin müzakirələr və deputatların təzyiqindən sonra ictimaiyyətə açıqlanacaq.

Çərşənbə axşamı keçirilən iclasda deputatlar kral ailəsindən daha yüksək hesabatlılıq tələb edib və kralın qardaşı olan Endryunun Epşteyn ilə dostluğunu dövlət qarşısındakı vəzifələrindən üstün tutduğunu bildiriblər.

2025-ci ilin sentyabrında kral titulları əlindən alınan Endorson, ticarət nümayəndəsi olduğu dövrdə hökumətə aid həssas sənədləri Epşteyn ilə paylaşdığı iddiaları üzrə aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra, həmin sənədlərin açıqlanmasını tələb edən təklif parlamentdə qəbul edilib.

Key Starmer rəhbərlik etdiyi hökumət təklifi dəstəkləyərək qəbul olunmasına şərait yaradıb.

Hökumət: Bu, qurbanlara borcumuzdur

Hökumət adından çıxış edən ticarət naziri Kris Bryant bildirib ki, sənədlərin açıqlanması Epşteyn və digərləri tərəfindən törədilmiş istismarların qurbanları qarşısında borcun yerinə yetirilməsinə cəhddir.

Onun sözlərinə görə, bu istismar halları Böyük Britaniyada və digər ölkələrdə imtiyazlı və varlı şəxslərdən ibarət geniş çevrələrin dəstəyi ilə mümkün olub.

Polisin istintaqı davam edir

Endryu haqqında ticarət nümayəndəsi olduğu dövrdə Epşteyn ilə həssas məlumatları paylaşdığı iddiaları ilə bağlı polis istintaqı aparılır. Keçmiş şahzadə ötən həftə vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb.

Onun qardaşı, Böyük Britaniya kralı Çarlz III isə bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları öz işini görməlidir.

Liberal Demokrat Partiyasının lideri Ed Davey Endryunun Epşteyn ilə əlaqələrinin ölkə üçün "ləkə” olduğunu qeyd edib. O bildirib ki, bu vəziyyətin aradan qaldırılması üçün şəffaflıq təmin edilməlidir.

Liberal Demokratlar hökuməti sənədləri açıqlamağa məcbur etmək üçün nadir hallarda istifadə edilən parlament mexanizmindən yararlanıblar.

Sənədlər Toni Bleyr dövrünə aiddir

Açıqlanması tələb olunan sənədlərin bir hissəsi 26 il əvvələ — Toni Bleyrin baş nazir olduğu dövrə aiddir.

Nazir Bryant Endryunu sərt tənqid edərək onu "ictimai maraqla şəxsi maraqları ayırd edə bilməyən, kobud, təkəbbürlü və imtiyazlı şəxs” kimi xarakterizə edib.

Hökumət sənədlərin açıqlanmasına razılıq versə də, bəzi materialların polis istintaqı başa çatana qədər gizli saxlanıla biləcəyi bildirilib.

Bu addım hökumətin eyni zamanda Peter Mandelsonun 2024-cü ildə Vaşinqtonda Böyük Britaniyanın səfiri təyin olunması ilə bağlı sənədlərin də yaxın vaxtlarda açıqlanmasına hazırlaşdığı dövrdə atılıb.

Bu proses Britaniyada kral ailəsinin fəaliyyəti üzərində ictimai və parlament nəzarətinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
 
Günay
--> -->