Xəbər lenti

Epşteynin ehtimal olunan ölümqabağı qeydi açıqlandı:
Dünya 13:28 07.05.2026

Epşteynin ehtimal olunan ölümqabağı qeydi açıqlandı: "Buna dəyməz"

ABŞ məhkəməsi amerikalı maliyyəçi Cefri Epşteynin ölümündən qısa müddət əvvəl yazıldığı ehtimal edilən qeydi ictimaiyyətə təqdim edib. 

Qaynarinfo xəbər verir ki, sənəd "The New York Times” tərəfindən dərc olunub.

Məlumata görə, bu qeydin açıqlanması jurnalistlərin məhkəməyə müraciətindən sonra mümkün olub. Sənəd uzun müddət məxfi saxlanılıb.

Qeyddə Epşteynə aid olduğu iddia edilən belə ifadələr yer alır:

"Onlar məni bir ay araşdırdılar – heç nə tapmadılar. Ona görə də 15 il əvvəlki ittihamları yenidən ortaya çıxardılar. Vida üçün vaxtı özümün seçə bilmək böyük bir rahatlıqdır. Siz məndən nə istəyirsiniz - yenə huşumu itirim? ƏYLƏNCƏLİ DEYİL – BUNA DƏYMƏZ!!".



Məlumata əsasən, bu qeydi 2019-cu ilin iyulunda Epşteynlə eyni kamerada olan məhbus Nikolas Tartalyone aşkar edib. Onun sözlərinə görə, sənəd sarı kağız parçasında, dəftərdən qoparılmış formada olub.

Tartalyone bildirib ki, o, qeydi kitab arasında tapıb və daha sonra hüquqşünaslara təqdim edib. Sənəd məhkəmə qərarı ilə uzun müddət vəkillik məxfiliyi səbəbindən gizli saxlanılıb.

Jurnalistlər qeyd edirlər ki, sənədin həqiqiliyi müstəqil şəkildə təsdiqlənməyib. Lakin məzmununun Epşteynin elektron yazışmalarındakı üsluba və ölümündən sonra kamerada tapılan digər qeydə oxşadığı bildirilir.

Xatırladaq ki, Epşteyn işi üzrə açıqlanan materiallarda bir sıra tanınmış siyasətçilərin və iş adamlarının adları hallanıb. Eyni zamanda onun müxtəlif beynəlxalq əlaqələri və maliyyə fəaliyyətləri ilə bağlı iddialar da ictimai müzakirə mövzusu olub.

Aydın
--> -->