Xəbər lenti

Ərdoğan-Putin görüşündən nə gözləyək? (ŞƏRH)
Siyasət08:15 30.09.2021

Ərdoğan-Putin görüşündən nə gözləyək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu görüşdən sonra Zəngəzur dəhlizilə bağlı Moskva Ermənistana təzyiqləri bir qədər artıra bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə başa çatan görüşü dəyərləndirərkən deyib. Həmsöhbətimiz düşünür ki, görüş müsbət müstəvidə keçib:
"Bu danışıqlarda Qarabağ məsələsilə yeni bağlı xüsusi bir məqam ortaya çıxmadı. Bundan əvvəlki razılaşmalar öz qüvvəsində qalacaq. Görüşün nəticəsi olaraq Zəngəzur dəhlizi məsələsində Rusiya Ermənistana təzyiqləri artıra bilər. Çünki həmin dəhlizin açılması hər iki tərəf üçün önəmlidir. Ərdoğan-Putin görüşündə güman ki, İran-Azərbaycan münasibətləri də müzakirə predmeti olub. Hər halda baş tutan görüşün müsbət müstəvidə keçdiyini düşünürəm. Ona görə ki, görüşün səmərəsiz olmasını demək üçün elə bir əsas yoxdur”. 
Politoloq qeyd edir ki, mövcud dünya düzəni tərəfləri əməkdaşlığa sövq edir: 
"Türkiyə və Rusiya arasında əməkdaşlıq məsələsində siyasi iradə mövcuddur. Bu iradə hər iki tərəfin dövlət başçıları tərəfindən dəfələrlə bəyan edilib. Eyni zamanda, bu istiqamətdə ardıcıl addımlar atılıb. Düzdür, ziddiyyətli məqamlar da var. Bu xüsusən də Suriyada - İdlib məsələsində özünü göstərir. Cənubi Qafqazda da tərəflər arasında rəqabət müstəvisi mövcuddur. Türkiyə-Rusiya yaxınlaşması indiki geosiyasi vəziyyətdə hər iki tərəf üçün məcburi prosesdir. Tərəflərdən heç biri həmin prosesi bu və ya digər şəkildə korlamaq istəməyəcək”. 
Nəsimi Məmmədliyə görə, Ankara ilə Moskva arasında mövcud olan müəyyən narazılıq və gərginliklər də keçicidir: 
"Türkiyə anlayır ki, Rusiya sanksiyalara məruz qalıb, iqtisadiyyatı zəifləyir. Belə olan halda ona regionda əməkdaşlıq edəcək yeni tərəfdaş lazımdır. Ankara özü də başa düşür ki, Qərbdə ona münasibətdə müəyyən diskriminasiya mövcuddur. Bu səbəblərdən iki ölkə regional və qlobal məsələlərdə münasibətləri yaxınlaşdırmaq zorundadır”. 
Rüfət Sultan