
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının fraksiya toplantısındakı çıxışında Gəzi Parkındakı hadisələri dəyərləndirib.
Ərdoğan partiyasının cəmiyyətdə baş verənləri analiz etmək və dəyərləndirmək məsələsində hər zaman böyük həssaslıq göstərdiklərini, sorğuların nəticələrini doğru oxuyaraq uğur qazandıqlarını deyib: "Qutudan çıxan nəticələr böyük bir uğuru ortaya qoyduğu zaman da müzəffərlərin məğrurluğunu nümayiş etdirmədik, özümüzü məğlub olanların yerinə qoyduq. 2009-cu ilin bələdiyyə seçkilərinin nəticələri istədiyimiz kimi olmadığı zaman harada səhv elədiyimizi ən incə detallarına qədər analiz etdik. Bizə səs verməyən kütləni də anlamağa çalışdıq. Terror məsələsinə, müxtəlif etnik qrupların, inanc qruplarının məsələsinə də belə həssaslıqla yanaşdıq. Cümhuriyyət mitinqlərinin məqsədini bildiyimiz halda "görəsən, görə bilmədiyimiz bir cəhəti varmı" deyə yanaşdıq. 50 faizin səsiylə iqtidara gəlsək də, özümüzü hər zaman yüz faizin iqtidarı kimi gördük və qucaqlayıcı yanaşma nümayiş etdirdik. Etnik milliyyətçiliyi, dini ayrı-seçkiliyi ayağımızın altına aldıq. Regional ayrı-seçkilik olmaz dedik, Qərb nə gördüsə, Şərq də eynizini görəcək dedik. Və bunu da böyük ölçüdə bacardıq. Hər zaman qucaqlaşma, halallaşma tərəfdarı olduq".
Gəzi Parkından başlayan etiraz aksiyalarına toxunan baş nazir "insanımızı bu hadisələrə sövq edən səbəbləri, bəzi gənclərin bu məsələyə niyə reaksiya verdiyini araşdırırıq. Bu günə qədər olduğu kimi yenə də kimsəylə, heç bir təbəqəylə inadlaşmadıq" deyib: "Vətəndaşın həssasiyyətlərinə qulağımızı tıxayaraq bir tərəfə itələməyəcəyik. Legitim, demokratik tələblərə qulaq asmağa davam edəcəyik. İndi bu hadisələrə baxdığımız zaman, nə istədikləri məlumdurmu? Nə tələb etdikləri bəllidirmi? Sizlər bundan bir şey başa düşə bildinizmi? Məsələnin başladığı yöndən sapmasına icazə verməyəcəyik. Müxtəlif hesablaşmalara girənlərə qarşı qərarlı bir duruş nümayiş etdirəcəyik. Müxtəlif oyunlarla necə başa çıxdıqsa, onlara qarşı necə dik durduqsa, o şəkildə qərarlılığımızı davam etdirəcəyik. Nə kimsəni bir şeyə məcbur edərik, nə də kimsənin məcbur etməsinə razı olarıq".
Gəzi Parkıyla bağlı layihəyə İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin CXP-çi üzvlərinin də səs verdiyini xatırladan Ərdoğan bəzi siyasətçilərin səs verdiyi layihəyə etiraz etmələrinin vəziyyəti bu hala gətirdiyini bildirib.
Bu aksiyalarla Türkiyə iqtisadiyyatının hədəfə alındığını vurğulayan baş nazir ölkə daxilindəki qüvvələrlə xaricin həmrəyliyinin Türkiyənin imicini pozduğunu deyib. Ərdoğan zorakılığa çevrilən bu hadisələri demokratik haqq axtarışı kimi görməyin mümkünsüz olduğunu bildirib: "Gəzi Parkındakı aksiyalar ekoloji aksiya, bunun xaricindəkilər isə zorakılıq kimi göstərilir. Heç də elə deyil. Türkiyənin hər yerəndə keçirilən aksiyalar Gəzi Parkı aksiyasının arxasına sığınıb. Ankaradakı vandallıqlar da Gəzi Parkından güc alıb. Beşiktaşda baş nazirlik ofisinə hücum edən kütlələr Gəzi Parkının arxasına sığınıblar. Türk bayrağını yandıracaq, Atatürk heykəlinin üstünə bölücü əski parçalarını asacaq qədər alçalıblar. Biz bunları söylədikcə "Tayyib Ərdoğan sərtdir" deyirlər. İnciməyin, bu Tayyib Ərdoğan dəyişməz".
Ərdoğan bundan sonrakı müddətdə də qərarlılığın davam edəcəyini söyləyib: "İnciməyin, amma bura Gəzi Parkıdır, işğal sahəsi deyil. Gəzi Parkındakı aksiyaları əsas xaosu ört-basdır etmək üçün istifadə edilən aksiyalardır. Ağaclar üzərindən Türkiyədə böyük bir oyun oynamaq istəyirlər. Türkiyə iqtisadiyyatına ziyan vurmaq istəyirlər. Taksim nümayişçilərinin harada nece istifadə edildiklərini görmələrini istəyirik. Səmimi duyğularla oraya getdiyini qəbul etdiyim gənclərə "artıq bu işi bitirin" deyirəm".
Qaynar.info