Fəratın şərqində başlayacaq əməliyyatdan əvvəl ABŞ əsgərləri bölgədən geri çəkilməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın bölgədən çıxması xəbərini Prezident Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib.
Serbiyaya səfərdən əvvəl bir mətbuat konfransında danışan Ərdoğan mövzuyla bağlı suala cavab verib:
"Bəli, hörmətli Trampla danışığımızdan sonra ABŞ əsgərlərinin geri çəkilməsi başlayıb. Əslində bu, yeni bir şey deyil. Tramp təlimat vermiş, geri çəkilməyi əmr etmişdi. Ancaq qərarın icrası gecikmişdi. Dünən axşamkı danışığımızdan sonra bu cür danışıqlar eyni formada davam edəcək. Biz bir qərar vermişdik. "Bir gecə qəfildən girə bilərik”, - demişdik. Qərarımızda qətiyik. Terror təşkilatının təhdidlərini qəbul etməyimiz mümkün deyil”.
ABŞ prezidenti Tramp ilə keçirilməsi planlaşdırılan görüşməyə bağlı də məlumat verən Ərdoğan "Böyük ehtimalla önümüzdəki ayın ilk yarısında bu ziyarəti reallaşdıracağıq. Görüş Vaşinqtonda olacaq. Üz-üzə olması Türkiyə-ABŞ əlaqələri və bölgədə gedən prosesləri daha dərindən müzakirə etməyimizə imkan yaradacaq”, - deyib.