Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət və korrupsiya ittihamı ilə nazir oğullarının, vəzifəli şəxslərin və məşhur iş adamlarının həbsini şərh edib.
APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan korrupsiya ittihamı ilə saxlanmış şəxslərin həbsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan istintaqın hazırda davam etməsinə görə məsələ ilə bağlı hər hansı açıqlama verməyi məqsədəuyğun saymayıb.
Bu gün səhər iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar, Z. Çağlayanın köməkçiləri Behçet Kaynar və Onur Kaya, Ə. Bayraktarın müşaviri Sadık Soylu, bu nazirliyin şəhərsalma idarəsinin müdiri Mehmet Əli Kahraman, İstanbulun Fatih rayonunun AKP-dən olan bələdiyyə başqanı Mustafa Dəmir, “Halkbank”ın baş direktoru Süleyman Aslan, ölkənin ən zəngin iş adamlarından olan Əli Ağaoğlu, sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrab və digər şəxslər polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Əmniyyət Gənəl Müdirliyindən (baş polis idarəsi) mətbuata bildiriblər ki, əməliyyat 1 ildir davam edən fiziki və texniki izləmə nəticəsində toplanan materiallar əsasında həyata keçirilir.