Tehrana səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinlə arasında görüş keçirilib. Görüşdə regional məsələlər və ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə predmeti olub.
Putin bildirib ki, onların baxış bucağında digər vacib məsələ - Qarabağdır. Bu isə o deməkdir ki, tərəflərin müzakirə etdikləri vacib məsələlərdən biri məhz Qarabağ olub. Ərdoğanın Putinlə müzakirə etdiyi digər mühüm məsələ Ukrayna ətrafında cərəyan edən proses olub. Xüsusən də Ukrayna taxılının daşınması məsələsi müzakirə edilib. Putin bu istiqamətdə Ankaranın vasitəçiliyini yüksək qiymətləndirsə də, yenə də şərt qoyub. Bildirib ki, Ukrayna taxılının daşınmasına icazə verəcəyinin müqabilində Qərb də Rusiyanın ərzaq məhsullarına qoyduğu embarqonu götürməlidir.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Tural Rzayev qeyd edir ki, son dövrlər dünya miqyasında Qarabağ məsələsinin aktuallığı artıb:
"Ərdoğanla Putin arasındakı görüşdə müzakirə edilən əsas məsələlər Qarabağ, Ukrayna və Suriya məsələsi olub. Qarabağ məsələsinin son dövrlər aktuallığı xüsusən artıb. Burada xüsusi bir hərəkətlənmə müşahidə edilir. ABŞ və Avropa İttifaqı bölgədə öz fəaliyyətini genişlənidrməkdə maraqlıdır. MKİ rəbbəri İrəvana səfər edib. Ondan əvvəl Vaşinqtonla Bakı arasında məktublaşma olub. Aİ də regionda sülhyaratma məsələsində aktivdir. 4 dəfə real nəticələrlə müşayiət olunan Brüssel görüşü keçirilib. Aİ həmçinin, Azərbaycan və Ermənistana investisiyalar qoymaq, qrant ayırmaqda maraqlıdır. Azərbaycana 2 milyard avro kredit ayrılıb. Bu isə regional dövlətləri, Rusiya və İranı, müəyyən qədər də Türkiyəni narahat edir. Onların Tehran görüşünün əsas məqsədi də məhz digər xarici ölkələri regiona buraxmamaqdır. Suriyada olduğu kimi, eyni şəkildə də Qafqazda anoloji əməkdaşlıq çərçivəsini genişləndirmək niyyətindədirlər”.
Ukrayna məsələsinə gəlincə, həmsöhbətimizin fikrincə, Ankara və Moskva bura kənar qüvvələrin cəlb olunmasını istəmirlər:
"Ukrayna məsələsində Putin sülhə yaxın olduğunu, amma Zelenskinin söz verdiyinin əksinə olaraq müharibəni dayandırmadığını iddia edib. İstanbulda bu istiqamətdə həqiqətən də razılaşma əldə olunmuşdu. Məhz bundan sonra Rusiya Kiyev və Çerniqovdan qoşunlarını çıxardı. Kiyevdə sülh müqaviləsi imzalayacağını öhdəsinə götürdü. Lakin sonradan Qərbin təzqiyi ilə Kiyev sona qədər mübarizə aparacaqlarını söylədi. Bu prosesdə Türkiyə əsas aktor rolunda çıxış edərək sülhyaratma missyasını həyata keçirmək istəyirdi. Ancaq göründüyü kimi, uğursuzluğa düçar oldu. Ankaraya Qara dəniz hövzəsində sülhün olması lazımdır. Ona görə də tərəflər bölgədə tezliklə sülhün əldə olunmasına çalışırlar. Bir sözlə, Ankara və Moskva çalışır ki, regional problemləri kənar müdaxilələr olmadan qarşılıqlı güzəştlərlə özləri həll etsinlər”.
Suriya məsələsi ətrafında danışıqlara gəlincə, ekspert Putinin Ərdoğanın burada yeni əməliyyat keçirmək fikrinin getdikcə reallığa çevrildiyini görür:
"Suriya məsələsində Moskva ilə Ankara arasında fikir ayrılığı var. Hər iki tərəf Suriyanın ərazi bütövlüyünü tanıyır. Amma Ərdoğan Membic və bəzi ərazilərin terror yuvasndan təmizlənməli olduğunu bildirib. Putinlə görüşdə də o, Suriyada yeni əməliyyat fikrindən əl çəkmədiyini ortaya qoydu. Putinin çıxışından isə bəlli oldu ki, Rusiya bunu çox da arzulamır. Amma o, Ərdoğanın qətiyyətli fikrinin getdikcə realığa çevriləcəyini də görür. Moskva məsələ ilə bağlı konkret həll üsullarını da təqdim edə bilmir”.
Rüfət Sultan