Türki Prezidenti Rəcəb Tayyib Ərdoğanın Egey adaları ilə bağlı xəbərdarlığı Yunanıstanda gərginlik yaradıb.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər
verir.
Ərdoğan yunan dilində yazdığı "tvit"lərində yunanları birbaşa təhdid edib. O, yunanları Egey dənizindəki mövqeləri ilə çox uzağa getməməyə çağırıb, əks halda peşman olacaqlarları ilə hədələyib.
Yunanıstan hökuməti isə "gözlənilməz” qonşu ilə bağlı milli birliyə çağırıb və keçmiş baş nazir Aleksis Tsipras Ərdoğana türkcə cavab verib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin keçən ay ABŞ Konqresindəki çıxışından sonra Yunanıstan-Türkiyə münasibətlərində yeni gərginlik yaranıb. Dünən isə Ərdoğan "Twitter"də yunanları birbaşa öz dillərində hədələyib.
"Biz bir daha Yunanıstanı ehtiyatlı olmağa, bir əsr əvvəl olduğu kimi onu təəssüfləndirəcək nəticələrə gətirib çıxaracaq xəyallardan, ritorikadan və hərəkətlərdən uzaq olmağa çağırırıq”, deyə Ərdoğan "Twitter"də yazıb.
Ankara beynəlxalq müqavilələrə istinad edərək, Yunanıstan ordusunun ordakı mövcudluğunun ölkənin təhlükəsizliyinə təhlükə yaratdığını bildirir və buna görə də Türkiyə ilə qonşu olan Yunan adalarının demilitarizasiya edilməsini israr edir.
Yunanlar Egey dənizinin o tayında Türkiyənin İzmirdə "Ege ordusu” olduğu üçün orada hərbi qüvvələrinin olduğunu iddia edirlər.
Yunanıstanın Türkiyə ilə münasibətlərində Türkiyənin də üzvü olduğu NATO-dan qoruyucu çətir kimi istifadə etməyə cəhd etməsi də Ərdoğanı qıcıqlandırır. Türkiyə isə öz növbəsində həll olunmamış məsələlərin ikitərəfli əsasda həll edilməsini istəyir.
"NATO və üçüncü ölkələri qeyri-hərbiləşdirilmiş rejimə malik adalarda qeyri-qanuni hərbi təlimlərə qoşmaqla istifadə etmək cəhdi sadəcə olaraq fəlakətli sona gətirib çıxaracaq bir cəhddir”, deyə Ərdoğan bildirib.
"Yunan dilinin məntiq, azadlıq və qanun dili olduğu bilinir. Yerli istifadəçiləri və Qərb dünyası bunu çox yaxşı bilir. Türkiyənin seçdiyi taktika bu versiyaların heç birinə aid deyil”, deyə Yunan höküməti sözçüsü Yiannis Oikonomu deyib.
Mitsotakis, Türkiyənin təcrid olunduqca qəzəbləndiyini deyib və "gözlənilməz" qonşuya qarşı milli birliyə çağırıb.
Öz növbəsində, ana müxalifət lideri və keçmiş baş nazir Aleksis Tsipras türk dilində "tvit" yazıb: "Yunanıstan öz suverenliyini istənilən təhlükəyə qarşı müdafiə edəcək. Ona görə də gəlin təxribatları dayandıraq və beynəlxalq hüquqa əsaslanan dialoqa qayıdaq. Hamımızın birlikdə üzləşdiyimiz iqtisadi böhranın cavabı millətçilik deyil”.
Hər iki ölkə hazırda iqtisadi böhranla üz-üzədir və hər iki ölkənin 2023-cü ildə seçki keçirəcəyini nəzərə alsaq, işlər daha da mürəkkəbləşir.
Nurlan