"Trampın ərəb və müsəlman ölkələri liderlərilə baş tutacaq görüşünün əsas mövzusu əsasən Qəzza məsələsi kimi təqdim olunsa da, əslində mahiyyət daha dərindir. Ərəb və müsəlman ölkələri ABŞ-dan təhlükəsizlik zəmanəti almağa çalışırlar".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ prezidenti Donald Trampın sentyabrın 23-də Nyu-Yorkda bir sıra ərəb ölkələri liderlərilə ehtimal edilən görüşünü şərh edərkən deyib.
Onun fikrincə, İsrailin hərbi əməliyyatları ərəb və müsəlman ölkələri arasında ciddi narahatlıq doğurur. Bu səbəbdən ekspert hesab edir ki, bir çox ölkələr ən yaxşı halda öz geosiyasi mövqelərini itirəcəkləri, ən pis halda isə İsrailin növbəti hədəfinə tuş gələcəklərindən ehtiyat edir:
"Belə bir şəraitdə Trampdan gözləntilər formal olaraq Qəzza ilə bağlı olsa da, əslində məqsəd fərqlidir. Ərəb ölkələri Tramp administrasiyasının bölgədəki güc balansını qoruyacağına və özlərinin təhlükəsizliyini təmin edəcəyinə dair təminat istəyirlər. Bu baxımdan Qəzza məsələsi, görünən tərəfi təşkil etsə də, sadəcə bir simvolik örtük rolunu oynayır. Reallıqda isə prosesin mərkəzində ərəb ölkələrinin öz gələcəkləri, regiondakı güc bölgüsü və İsrailin artan təsirinə qarşı qorxu hissi dayanır".
Bu səbəbdən həmsöhbətimizə görə, yaxın zamanda Qəzza ilə bağlı əhəmiyyətli bir irəliləyişin olacağını gözləmək çətindir:
"Əsl müzakirələr və diplomatik manevrlər daha çox ölkələrin öz mövqelərini qorumaq və Trampdan açıq-aşkar dəstək almaq üzərində cəmlənəcək".
Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammiti çərçivəsində sentyabrın 23-də ərəb ölkələrinin liderləri ilə görüşə bilər. Məlumata görə, bu görüşə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İrodaniya və Türkiyə liderləri dəvət olunublar.
Rüfət Sultan
Şərhlər