Xəbər lenti

Əri Suriyada ölən qadın: “Məni yenə ərə verdilər"
Dünya19:57 18.08.2015

Əri Suriyada ölən qadın: “Məni yenə ərə verdilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada müharibəyə yaşı 19-dan 45-dək olan cavanlar gedirlər. Onlar çox vaxt bu təhlükəli səfərə arvad-uşaqları ilə çıxırlar. Tacikistan vətəndaşları Suriyaya Rusiya, Pakistan, Türkiyə, Əfqanıstan ərazisindən keçməklə gedir və “İslam Dövləti” ekstremist qruplaşmasının sıralarına qoşulurlar.
İD səfərbərçiləri axır vaxtlar yeni cihadçıları Rusiyadakı tacik miqrantların arasından tapırlar. 30 yaşlı Düşənbə sakini Camolbi Xamidova Suriyada az qala bir il yaşayıb. Orada keçirdiyi vaxtı vahimə ilə xatırlayır. Suriyada yaşananlar ona indiyədək rahatlıq vermir. O əri Şarif Xamidovun həlak olmasından sonra oradan canını qurtararaq vətənə qayıda bilməsinə indiyədək çətinliklə inanır.
Camolbi Xamidova ilə BBC Rus xidmətinin əməkdaşı Anora Sarkarova söhbət edib:
BBC: Necə oldu ki, Suriyaya getdiniz?
Camolbi Xamidova: Məni ərimlə qonşularımız tanış etmişdilər. Onlar demişdilər ki, yaxşı oğlandır, özünə nişanlı axtarır. Biz görüşdük, bir-birimizi bəyəndik və evləndik. Mən üç illik ibtidai təhsilliyəm. Çətinlinklə yazıb-oxuyuram. Atam əlil, anamsa evdar qadındır. Valideynlərimin mənə, qardaş və bacılarıma təhsil vermək imkanları olmayıb. Ona görə də bizim heç orta təhsil haqqında kamillik attestatımız da yoxdur.
Ərimlə mən qazanc üçün Krasnodara getmişdik. Balaca bir ev, ya da kiçik bir torpaq sahəsi almaq üçün işləmək istəyirdik. İstəyirdik ki, bizm və gələcək uşaqlarımızın doğma yuvası olsun. Rusiyada bir ili beləcə keçirdik. Bir dəfə ərimlə televizora baxanda Suriyadakı hərbi əməliyyatlar barədə reportajı gördük. Və birdən Şarif dedi ki, ora gedib döyüşmək istəyir. Mən onun bu sözlərindən çaşıb qalmışdım.
İnana bilmirdim ki, belə bir həlim, sakit və çox açıq bir insan döyüşməkdən danışır. Biz mübahisə etdik. Mən bu ideyanın əleyhinə idim. Mənim ağlıma belə bir şey heç gələ də bilməzdi. Mən Suriya, müharibə və cihad kimi şeylərdən çox uzaq idim. Mən öz evim, uşaqlarım, böyük və mehriban bir ailə barədə xəyallar edirdim.
Bir çox suriyalılar İD-in döyüşdüyü yerləri tərk etməyə çalışırlar
Mənim reaksiyamı görən ərim bu söhbətə bir daha qayıtmadı və mən düşündüm ki, axmaq bir zarafat edib. Şarif elə özü kimi, dindar bir ailədən idi. Hətta biz Rusiyada yaşayanda da namazlarını ötürməməyə çalışır, məsçidə gedirdi. Ərim az qazanırdı. Bu pul kirayə haqqını ödəməyə güclə çatırdı, bir qırağa pul qoya bilmirdik. Amma bir dəfə Şarif mənə dedi ki, Türkiyəyə pul qazanmağa gedir. Beləcə məni fakt qarşısında qoymuşdu. Mən bir ay onun dostunun evində yaşadım. Sonra isə zəng edib dedi ki, İstanbulda iş tapıb və mən də ora gəlməliyəm.
BBC: Və siz İstanbula, ərinizin yanına getdiniz...
C.X: İstanbul çox xoşuma gəldi. Gözəl şəhərdir. Məni ərim qarşıladı. Biz avtobusla hava limanından gedəndə yol boyu düşünürdüm ki, bu gözəl şəhərdə yaşayıb işləmək nə yaxşı olardı! Hara gedirik, harada yaşayacağıq kimi suallarıma Şarif cavab vermirdi. Bir sutka yol getdik. Nəhayət bir yerə çatıb başqa maşına mindik. Bir neçə saatdan sonra maşın bizi səhra kimi bir yerə gətirdi. Burada ərim mənə dedi ki, düşüb var gücümüzlə qaçmalıyıq. Hara? Niyə? Şarif isə deyirdi ki, sual vaxtı deyil, sadəcə olaraq qaçmaq lazımdır.
Maşında dörd nəfər idik. Burada bir rus qızı da vardı. O da Suriyaya gedirdi. Ramazan ayı idi, ona görə də çox gücümüz qalmamışdı. Mən ac və yorğun idim.
Mən ağlayır, harada olduğumuzu soruşurdum. Ərim etiraf etdi ki, biz Suriyadayıq və belə xoşbəxtlik hər adama qismət olmur. Mən qışqırmağa başladım. Ona deyirdim k, bu düzgün iş deyil, o məni aldadıb. O cavab olaraq dedi kİ, istədiyim vaxt çıxıb gedə bilərəm. Hara getmək? Ətrafımda yalnız səhra görürdüm. Nə pulum var, nə dil bilirəm. Necə qayıdım? Beləcə, vəziyyətimlə barışdım. Suriya tərəfdə bizi qarşılayıb böyük bir evə gətirdilər. Bu evdə iki ərəb qardaş öz arvadları ilə yaşayrıdılar. Bizə bir otaq verdilər. Bir həftədən sonra bizi başqa bir evə apardılar. Heç kəndin adını da bilmirdim. Ətrafda yalnız quru dağlar vardı, yaşıllıq gözə dəymirdi.
BBC: Əriniz nə ilə məşğul idi?
Bir çox Suriya qaçqını Türkiyəyə gedir
C.X: Ərimi demək olar ki, görmürdüm. Mən bu evdə başqa qadınlarla birlikdə yaşayırdım. Orada ərəb, özbək, rus, çeçen qadınlar vardı. Ərim həftədə bir dəfə, bəzən isə iki həftədə bir dəfə gəlirdi. Özü ilə kartof, makaron gətirirdi.
Mənimlə qalan bütün qadınların ərləri İD-in sıralarında döyüşürdülər. Yemək çox dadsız idi. Amma vəziyyətimizi nəzərə alanda, başqa çarəmiz yox idi. Biz əsasən əl-qol hərərəkətləri ilə ünsiyyət qururduq. Çoxlu hamilə və uşaqlı qadınlar vardı. Hər dəfə yaşadığlmız məntəqələr aviasiya reydlərinə düşəndə bir otağa yığılırdıq. Bir-birimizə qısılıb ağlayırdıq. Uşaqlar ağlayır, bizsə sağ qalmaq üçün dualar edirdik. Bunun necə bir şey olduğunu təsəvvür etmək belə çətindir. Gözləyirsən ki, səni öldürəcəklər, ya yox. Hamı bura gəldiyindən peşman idi. Qadınlar başa düşə bilmirdilər ki, ərləri niyə onları və uşaqları belə əzablara düçar ediblər.
Evdən çıxmaq olmazdı. Dərman və ərzaq gətirənsə yox idi. Ac qalırdıq. Qadınlara öz otaqlarından çıxmaq qadağan olunmuşdu. Yalnız çox zəruri olanda, məsələn həyətdə Çölə çıxanda əlcək və pərəncə geyinmək lazım gəlirdi. Danışmaq, gülmək və gəzişmək qadağan idi. Otaqlarda beş-altı adam nazik döşəklərin üstündə yatırdı. Heç bir mebel yox idi. Quru döşəmə və döşəklər. Nə elektrik, nə sərinkeş, nə də su vardı.
Yayda xüsusilə dözülməz idi. Suyu satın almaq lazım gəlirdi. Nadir hallarda yuyuna bilirdin. Su yalnız xörəyə və içməyə istifadə edilirdi. Yayda çox isti olurdu. Ağcaqanadlar adamı didirdi. Qışda isə çox soyuq idi. Bizimsə isti paltarlarımız yoxdu. Bir-birimizi bədənlərimizlə isidirdik. Uşaqlar tez-tez xəstələnirdilər. Amma burada dava-dərman, həkim, aptek yox idi. Uşaq əzab çəkir, ana isə heç nə edə bilmir. Xatırlayıram ki, biz uşaqların iztirablarına baxıb çarəsizlikdən hönkürürdük.
Kişilər bizimlə qaba rəftar edirdilər. Üzümüzün açıq qalmasına görə döyülə bilərdik. Amma belə istidə üzü örtən torun arxasından nəfəs almaq da olmurdu. Əyinimizdəki bütün paltarlar sintetika idi. Tualet-hamam küçədəydi. Biz tez tualetə qaçıb, tez də evə qayırdırdıq. Kişilərin gözünə sataşmaqdan qorxurduq.
Suriyada olduğumuz bütün müddət ərzində mən bir dəfə də olsun valideynlərimə zəng edə bilmədim. Bizim kimləsə əlaqə saxlamaq imkanımız yox idi. Biz qapalı bir mühitdə yaşayırdıq. Bizə bütün əlaqələri qadağan etmişdilər. Heç kim niyəsini soruşa bilmirdi. Çünki cihadçılar qaradinməz idilər. Biz hər ay mənzil dəyişirdik.
Sonra isə ərim bir ay yoxa çıxdı. Qayıdıb gələndə, onu güclə tanıya bildim. Yaralanmışdı. Qan içindəydi. Arıqlamış, rəngi qaçmışdı. Güclə hərəkət edirdi. Qarnında dörd tikiş yeri vardı. Mən ona qulluq edirdim, amma ona dərmanlar, yaxşı yemək lazım idi. Bizimsə nə pulumuz, nə dərmanlarımız, nə də suyumuz vardı. Bu müddət ərzində heç kəs bizə baş çəkmədi.
BBC: Əriniziniz sizə Suriyaya nə üçün getdiyini demişdimi? Bu nə idi? Cihada qoşulmaq istəyi, yoxsa pul qazanmaq arzusu?
C.X: Ərim Suriyaya gəlməyimizdən bərk peşman olmuşdu. Onun bədənində şişkinlik əmələ gəlmişdi. Yaraları qan verirdi. Gecələr ağrıdan yata bilmirdi. O and içib deyirdi ki, onu aldadıblar. Ona başqa təkliflər də olubmuş. Amma bu başqa təkliflərin nə olduğunu heç vaxt deməmişdi. Mən bilirdim ki, ona hər ay yüz dollar verirdilər və pulla ev üçün ərzaq alırdı. Lakin o yaralı olanda bizə heç kəs kömək etmədi.
Türkiyə-Suriya sərhədinin bəzi yerlərində hasarlar qurulub
Bir-iki həftə belə keçdi. Sonra ərəblər gəlib onu apardılar. Zorla. O heç tərpənə bilmirdi. Biz vidalaşdıq. Ürəyimə dammışdı ki, onu sonuncu dəfə görürəm. O da dedi ki, çətin bu dəfə qayıda bilsin. O deyirdi ki, hər şeyə görə peşmandır, lakin artıq geriyə yol yoxdur. Mənə xoşbəxtlik arzuladı.
İki həftə də keçdi. Sonra tanımadığım kişilər gəlib onun telefonla çəkilmiş şəklini göstərdilər. O ağzı açıq vəziyyətdə uzanmışdı. Ölmüşdü. Mənimsə heç ağlamağa da gücüm qalmamışdı. Çox yaxşı insan idi. Siz yad, müharibə gedən bir ölkədə heç kimi, heç bir tanışı olmayan tənha qadını təsəvvür edə bilərsinizmi? Mən nə etməli idim? Necə xilas ola bilərdim?
Daha bir həftə ötdü. Sonra məni də aparmağa gəldilər. Hara apardıqlarını soruşmaqdan qorxurdum. Həm də bu, mənasız idi, heç cavab da verməzdilər. Nə rus, nə də tacik dilini bilirdilər. Onlara əl-qolumun hərəkətləri ilə vətənə, Tacikistana qayıtmaq istədiyimi başa salımağa çalışırdım. Tacik dilində ərəb sözləri çoxdur və mümkün qədər izah etməyə cəhd göstərirdim.
Lakin mənə qalmağı tövsiyə etdilər və ikinci dəfə ərə verdilər. Fikrimi soruşan olmadı. Sadəcə olaraq bir kişini gətirib oturtdular və bizə kəbin kəsdilər. Mənim təzə ərim dağıstanlı idi. Mənim razılığımı alan olmamışdı. Orada müqavimət gödtərməyə cəhd də etmirsən. Çünki bilirsən ki, bu qorxunc adamlarla danışmaq təhlükəlidir. Onlar üçün adam öldürmək heç nədir. Sən sadə olaraq bir əşyasan. Onlar nəyisə müzakirəsiz təklif edirlər. Hər hansı itaətsizlityə görə döyüb öldürə bilərlər.
Təzə ərimlə bir ay birgə yaşadıq. Rusca danışırdıq. Bu tam bir dəhşət idi. Sən tamamilə asılısan, azadlığın yoxdur. Sənin hərəkətlərinə məhdudiyyətlər qoyulur. Döyə, sata, zorlaya, öldürə bilərlər. Sənə nə istəsələr edə bilərlər. Bu adamlarla nəyisə danışıb müzakirə etmək, inandırmaq və ya yumşaltmaq mümkün deyildi. Onlarda hüsn-rəğbət hissi yoxdur, onlar özgələrin iztirablarına, hisslərinə və taleyinə biganədirlər.
Onlar üçün qadın heç bir qiyməti olmayan, yalnız müəyəyn funksiyaları yerinə yetirən əşyadır. Qadının kişidən nəyisə soruşmaq haqqı yoxdur. Əri ölən uşaqlı qadınları təkrar ərə verirdilər. Bir çoxları üçün bu, çox ağır idi, lakin vəziyyət onları dözməyə məcbur edirdi. Onların gedəcəkləri bir yerləri yoxdu. Savadsız idilər, ixtisasları yox idi. Nə yaxınları vardı, nə də gələcəyə ümidləri.
Bu dəhşətdir. Şəraitdən o qədər asılı olursan ki, hətta bu dözülməz vəziyyət də sənə azad və müstəqil həyatdan babat görünür. Onlar heç nə bacarmırlar. Onlar itaətkarlıqla bu vəhşi həyatla barışıblar.
BBC: Vətənə necə qayıda bildiniz?
C.X: Bizim evdə uşaqlı bir türk qadın yaşayırdı. O hamilə idi. Ona xəbər verdilər ki, əri öldürülüb. Qadına ərə getməyi təklif edirdilər. Lakin o daim ağlayırdı. Uşaqları tez-tez xəstələnirdilər. Belə olanda, o, mən və daha bir çeçen qadın yerli sakinlərdən xahiş etdik ki, Türkiyə sərhədinə çata bilməmiz üçün bizə kömək etsinlər. Bu, əslində qaçış idi. Mənim təzə ərim nə mənim niyyətim, nə də qaçmağımdam xəbər tutmuşdu. Bizi maşınla sərhədə gətirdilər. Bu dəfə sərhədi dəmir torla hasarlanmış gördük. Gündüz oradan keçə bilmədik. Sərhədçilər bizi atəşə tuturdular. Bir gecə ərəblər bizə hasardakı iri dəliyi göstərdilər. Biz o dəlikdən sərhədi keçdik.
Səhərə az qalmış maşınların dayandığı yerə çatdıq və bizi İstanbula apardılar. Məndə ərimdən qalan bir az pul var idi. İstanbulda məni polis dayandırdı. Üstümdə sənədlər vardı, lakin vizanın vaxtı ötmüşdü. Mən polis məntəqəsində hər şeyi izah etdim və məni miqrantlar üçün mərkəzə yerləşdirdilər. Polislər vətənə qayıtmaq istəyib-istəmədiyimi soruşdular. Mən getmək istədiyimi dedim və Türkiyə tərəfi mənə Düşənbəyə uçmaq üçün bilet aldı.
Düşənbəyə gələndə isə, hava limanında hər şeyi tacik polislərə danışdım. Mənə təəssübkeşliklə yanaşdılar, amma mən həbs olunacağımdan qorxurdum. Məni dörd gün təcridxanada saxladılar. Yoxlanışdan sonra buraxıldım. Qohumlarımla əlaqə yaratdım və onlar gəlib məni aeroportdan apardılar. Xatirələr mənə indiyəcən rahatlıq vermir.
Ərim çox tez inanan və xeyirxah bir insan idi. Onu aldatmaq çətin deyildi. Elə aldanışın da qurbanı oldu. Səfərbərçilər insanın bu xüsusiyyətindən sui-istifadə edirlər. İndi tək qalmışam. Uşağım yoxdur. Qızları, qadınları mənim səhvlərimi təkrar etməməyə çağırıram. Yoxsa, sizə əziz olan hər şeyi itirə bilərsiniz.
Qaynar.info