Ermənistanda və Qarabağda aprel ayının 12-də Rusiya sülhməramlıları tərəfindən Ermənistan parlamentinin müxalifətçi deputatlarının Qarabağa buraxılmaması faktı ilə bağlı qalmaqal bitmək bilmir.
Qaynarinfo xəbər verir ki, ermənilərin fikrincə, indiki Ermənistan hakimiyyəti və qondarma rejimin rəhbərliyi baş verən bu hadisə ilə Ermənistanın Qarabağla əlaqəsinin kəsildiyini sübut edib.
Ermənilərin bildirdiyinə görə, bu, Ermənistan vətəndaşının öz pasportu ilə Qarabağa gedə bilməməsi ilə bağlı ilk faktdır. Baş verən hadisə erməniləri o qədər məyus edib ki, onlara görə, bu, bir tərəfdən Ermənistan hakimiyyətinin erməni nümayəndə heyətinin Qarabağa girmək istəyinə qarşı bir güc nümayişidir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətə, xüsusən də Azərbaycana bütün tələblərin yerinə yetirilməsinin göstərilməsidir.
Erməni siyasilər bildirir ki, bu gün Ermənistan hakimiyyəti bütövlükdə Azərbaycanın maraqlarına cavab verən siyasət yürüdür.
Bir qrup siyasi analitik də Paşinyanın parlamentdə son bəyanatlarından Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını və Qarabağ ermənilərinin tək qaldıqlarını, üstəlik də Qarabağ ermənilərinin orada fiziki mövcudluqlarından da məhrum olacaqlarını düşündüklərini qeyd edirlər.
Qarabağ erməni icmasının və qondarma rejimin "parlamentinin” üzvləri də hesab edirlər ki, Paşinyanın çıxışından sonra tək qalıblar. Onlar bu gün Ermənistan hakimiyyətinin belə bir siyasət yürütdüyünə görə yeganə xilas yolunun yalnız Rusiya olduğunu düşünürlər. Hətta Qarabağ erməniləri Ermənistan hakimiyyətinin Rusiyaya qarşı gedərək, Qarabağın statusu məsələsini Azərbaycanın istədiyi kimi həll etmək istədiklərini də fərz edirlər.
Öz növbəsində erməni mediasında Nikol Paşinyanın parlamentdə çıxışı ilə insanları başqa seçimin olmadığına inandırmağa çalışması və nitqinin çoxlu suallar yaratması ilə bağlı məqalələr dərc olunub.
Telman