Ermənistan prezidenti Vaaqn Xaçaturyan Londonda Vestminster sarayında kraliça II Elizabetlə vida mərasimi zamanı protokolu pozduğuna görə tənqid atəşinə tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail” nəşri
yazıb.
Qəzetin yazdığına görə, Xaçaturyan kraliçanın cəsədi olan tabutun yanında şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub. Onun fotosunu Ermənistan prezidentinin köməkçilərindən biri çəkib. Nəşr yazır ki, bu, kraliça ilə vidalaşma zamanı foto qadağasının pozulması ilə bağlı ilk haldır.
Bundan əlavə, "Daily Mail” yazır, Xaçaturyan VİP girişi ilə kraliça II Elizabetin tabutunun olduğu otağa enərkən köməkçiləri ilə yüksək səslə danışıb, bu da qaydaların kobud şəkildə pozulmasıdır.
Kraliçanın cənazəsi olan tabut sentyabrın 14-dən Londondakı Vestminster sarayındadır və burada monarxın dəfn mərasiminin keçiriləcəyi sentyabrın 19-na qədər yüz minlərlə insan onunla vidalaşmağa gəlir.
Böyük Britaniya parlamentariləri və xarici liderlər də daxil olmaqla VIP şəxslər üçün saraya ayrıca giriş açıqdır.
Nizami Bağırov