Erməni mətbu orqanı "Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İrəvan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır. "Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq”, deyə o, vurğulayıb.
Qriqoryanın sözlərinə görə, atəşkəs əldə edildikdən və Rusiya sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan ordusu bölmələrinin Dağlıq Qarabağdan çıxarılması məntiqlidir: "Ermənistandan çağırışçılar bundan sonra Qarabağa hərbi xidmətə göndərilməyəcək. Qarabağdakı çağırışçıların "Müdafiə Ordusu"na hərbi xidmətə çağırılması isə davam edəcək. O, Dağlıq Qarabağda olub və olmaqda davam edir".
Erməni rəsmisinin bu açıqlamasını Qaynarinfo-ya şərh edən hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, bəyanat vermək hələ real fəaliyyət demək deyil:
"Bu addım əslində 20 ay bundan qabaq atılmalı idi. 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində açıq şəkildə yazılıb ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə paralel olaraq həmin ərazilərdən erməni silahlıları da çıxarılır. Təəssüf ki, qərar Ağdam, Kəlbəcər və Laçına şamil olsa da, Rusiyanın nəzarətində qalan ərazilərə isə şamil olunmadı. Azərbaycan Prezidenti ilin 6 ayının yekunlarına aid müşavirədə Ermənistan tərəfinin bununla bağlı mövqe bildirməli olduğu fikrini səsləndirdi. Bu həm silahlılara, həm də Zəngəzur dəhlizinə aid idi. Belə çıxır ki, Azərbaycan üzərinə düşən öhdəlikləri birgə bəyannamədən 40 gün sonra yerinə yetirsə də, İrəvan 20 ay keçəndən sonra- hələ indi bəyanat verir”.
Ona görə də həmsöhbətimiz hesab edir ki, verilən bəyanatın real əməllərlə nə qədər uyğun olub-olmayacağını izləməliyik:
"Səbrimiz artıq tükənib, əsas və ehtiyat oyun vaxtları bitib. Ona görə də bundan sonra baş verə biləcək hadisələr Ermənistandan asılıdır. Ya üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər, ya da çox yaxınlıqda "dəmir yumruğ”un növbəti zərbəsini alacaqlar. Başqa yol qalmır”.
Ekspertin fikrincə, Ermənistan Qriqoryanın separatçı tör-töküntülərlə bağlı bəyanatı ilə bəyan edir ki, Qarabağda silahlı qismində kim qalırsa, artıq onun deyil:
"Separatçı rejimin qanunsuz silahlı tör-töküntülərinin orada qalmasına Azərbaycanın daxili işi kimi baxmalıyıq. Ermənistan da Qriqoryanın bəyanatı ilə artıq bəyan edir ki, Qarabağda silahlı qismində kim qalırsa, onun deyil. Onlar öz əsgərlərini çıxarır. Qalanı isə Azərbaycanın yuridiksiyasındadır. İrəvanın orada hansısa proseslərə təsir etmək şansı yoxdur”.
Rüfət Sultan