Ermənistanda aksiya iştirakçıları bölgələrdən yürüşlə İrəvana, ordan isə bütün istiqamətlərdə Fransa meydanına doğru hərəkət edirlər.
Müxalifət Ermənistanın 4 rayon istiqamətindən - İcevan, Tiqranaşen, Baş Aparan və Sərdərabaddan başlayaraq, İrəvan şəhərinə doğru yürüş edir. Hazırda bu yürüş Tiqranaşendən İrəvanda davam edən müxalifətin etiraz aksiyasına qoşulmaq üçün gəlir.
Bir tərəfdən də Parlament müxalifəti günlərdir aktiv küçə mübarizəsini davam etdirir. Müxalifətin mübarizəsinin simvolik olaraq məqsədi Qarabağın taleyi və qondarma rejimin separatçı bayrağının bütün mümkün yerlərdə asılmasına nail olmaqdır. Lakin məlumdur ki, müxalifət bütün potensialını küçə mübarizəsi alətləri ilə hakimiyyət dəyişikliyinə yönəltməkdir.
Və indiki mərhələdə müxalifətin atdığı addımlar yalnız daxili siyasi gərginlik yaratmaq məqsədi daşıyır. Əslində, Ermənistan müxalifəti üçün sadəcə olaraq Qarabağ məsələsi daxili siyasi manipulyasiyadan başqa bir şey deyil. Üstəlik, qondarma rejimin "xarici işlər naziri” David Babayan da Ermənistanda baş verən daxili siyasi prosesləri tənqid edərək, onları müxalifəti Qarabağ məsələsinin manipulyasiya etməsi kimi xarakterizə edib. O, Ermənistanda müxalifətin Qarabağ ermənilərini oyuna cəlb etməyə və bununla da divident qazanmağa çalışdıqlarını bildirib.
Bu kontekstdə Ermənistan müxalifəti yöndəmsiz vəziyyətə düşüb - bir tərəfdən Qarabağ məsələsinə yanaşmada fikir ayrılığı hökm sürür, digər tərəfdən də daxili siyasətdə qətiyyətli addımlar atmaq üçün ciddi kütləni səfərbər edə bilmirlər. Müharibədən sonrakı dövrdə olduğu kimi indi də müxalifətin irəli sürdüyü gündəm həm Ermənistanın, həm də Qarabağın geniş ictimai-siyasi dairələrində ciddi maraq doğurmur.
Lakin bir tərəfdən də müxalifət regionların dörd simvolik şəhərindən İrəvana yürüş edərək müxtəlif gündəlik aksiyalar keçirəcəkləri iddialarında qalmaqda davam edir.
Məsələ burasındadır ki, 2018-ci ilin məxməri inqilabı prosesində, aprelin 23-də Serj Sarkisyanın istefasından sonra Robert Köçəryan aprelin 25-dən etibarən Ermənistanda baş verən son situasiyanın sükanı arxasına keçməyə çalışır ki, hökumət başqasınını əlinə keçməsin.
Təbii ki, Robert Köçəryan bu günə qədər hələ də nə situasiyanı, nə də "hakimiyyət çamadanını” Nikol Paşinyandan ala bilməyib, indi, faktiki olaraq, dörd ildən sonra, aprelin 25-dən vəziyyəti ələ keçirməyə yeni cəhdlər edir. Bu dəfə uğur qazanacaq, yoxsa nəyə nail olacaq? Çünki hazırda Robert Köçəryanın bir nömrəli vəzifəsi o sahədə kifayət qədər fərqli təzahürlərin baş verdiyini nəzərə alaraq, iqtidarı yox, "müxalifət portfelini” əldə saxlamaqdır. Əgər Köçəryanın tərəfdarları dörd regional şəhərdən İrəvana yürüş edəcəksə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan artıq İrəvanda, "xilasetmə” kampaniyasına başladığı Azadlıq meydanındadır.
Maraqlıdır ki, Vanetsyan aprelin 25-də mərkəzləşdirilməmiş aksiyaların başladığını ilk elan edən şəxs olub. Nəzəri cəhətdən, təbii ki, bu mübarizələri birləşdirmək tamamilə mümkündür, lakin belə olan halda sual yaranır: ayrı-ayrılıqda başlamağın nə mənası var idi? Əslində, aksiyalar başlandığı zamandan müxalifətin ayrı-ayrı qütbləri çalışır ki, özlərinin güya birləşə biləcəklərini göstərsinlər, lakin gedişat onu deyir ki, o birliklər əslində parçalanmanı dərinləşdirir. Robert Köçəryan da, Artur Vanetsyan da bunu çox gözəl bilirlər. Digər tərəfdən, o da istisna edilmir ki, Vanetsyan Serj Sərkisyana öz planları (hakimiyyəti ələ keçirmək) barədə məlumat vermədiyi kimi, illərdir başqalarına da məlumat verməyib. Beləliklə, reallıqlar fonunda küçədən müxalifət qüvvələrinə itaətsizlik və yaxud da dəstək deyil, bir o qədər də bir-birindən xəbərsizlik hərəkatı başlayır.
Bu gün isə dünyada baş verənlər, istər-istəməz Ermənistan ətrafındakı qurulan regional planlar İrəvanın siyasi həyatına təsir edəcək.
Digər tərəfdən, təbii ki, daxili siyasi mübarizənin bu mahiyyəti Ermənistan üçün yeni deyil, çox vaxt siyasi məzmunundan, keyfiyyətindən asılı olmayaraq, mövcud müxalifətlə müəyyən məsələləri həll etmək lazım olur. Buna uyğun olaraq müxalifətin hərəkətlərinin nə dərəcədə qanunauyğunluq, qanun və konstitusiya çərçivəsində qalacağı, nə dərəcədə dövlət və ictimai həyatı iflic etməyə yönələcəyi əsas məsələdir.
Telman Qasımov