Türkiyənin Qars şəhərinin Akyaka ərazisindən 24 iyulda Ermənistan tərəfə keçən və həbs edilən 16 yaşlı Ümid Əli Özmən Türkiyəyə təhvil verilib.
Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə başlayan danışıqlar nəticə verib və Ermənistan tərəfi yeniyetmənin azad edilməsi barədə sənədi imzalayıb.
O, mal-qaranı otararkən maraq xatirinə sərhədi keçmiş və erməni kəndlilərin xəbərdarlığından sonra Ermənistan əsgərləri tərəfindən həbs edilmişdi. Hadisədən sonra Özmənin atası Mustafa Özmən polis şöbəsinə gələrək kamera qeydlərinə baxmağa nail olmuş, oğlunun erməni ordusu tərəfindən həbsi sübut edilmişdi.
Kəndinə geri qayıdan Ümid Əli yaxınları ilə qucaqlaşıb. Oğlunu görən ana Altınay Özmən huşunu itirib. Ümid Əlinin 90 yaşlı nənəsi isə nəvəsinin xilasına görə ölkə rəhbərinə təşəkkür edib.