Dünya 14:01 04.08.2022

Əs-Sədr İranın dəstəklədiyi şiə rəqibləri ilə barışıq variantını rədd etdi

İraqın Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr televiziyaya verdiyi müsahibədə tərəfdarlarından tələblərini yerinə yetirmək üçün bu ölkənin paytaxtı Bağdadın yaşıl zonasında oturaq aksiyanı davam etdirmələrini istəyib.

Qaynarinfo bu barədə Anadolu-ya istinadən xəbər verir.

O, İranın dəstəklədiyi şiə siyasi rəqibləri ilə dialoq və barışıq variantını rədd edərək parlamentin ləğvini və növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

İraqda 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn şiə siyasi və dini lideri Müqtəda əs-Sədr hökuməti qura bilmədiyi üçün siyasətdən istefa verib. Ondan sonra hökumətin formalaşdırılması məsuliyyəti də bu partiyanın rəqibi olan "Koordinasiya Çərçivəsi” koalisiyasına həvalə edilib.

İranın dəstəklədiyi bu koalisiya iyulun 25-də keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şiya əl-Sudanini baş nazirliyə namizəd göstərəcəyini açıqlayıb.

Bu məsələnin açıqlanmasından sonra Müqtəda əs-Sədr tərəfdarları bir həftə ərzində ikinci dəfə Bağdadın Yaşıl Bölgəsindəki parlament binasına daxil olaraq bu qərara etiraz ediblər.

İraqın "Koordinasiya Çərçivəsi” koalisiyası dünən axşam saatlarında xalqı Bağdadın yaşıl zonasında nümayişlər keçirməyə çağırıb.

Şənbə günündən etibarən Sədr hərəkatının tərəfdarları Bağdadın Yaşıl Bölgəsində İraq parlamenti daxilində "müddətsiz oturaq aksiya”ya başlayıblar.

Həmçinin İraqın Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İraqın siyasi sistemi və konstitusiyasının dəyişdirilməsinə çağıran bəyanatla çıxış edib.

M.Arif