Xəbər lenti

“Eurovision”un nəticələrinə yenidən baxıla bilər - 200 min imza atıldı
Dünya14:10 17.05.2016

“Eurovision”un nəticələrinə yenidən baxıla bilər - 200 min imza atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Yayım Birliyi (AYB) “Eurovision-2016” mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması barədə petisiyaya baxacaq. 

Change.org saytında yerləşdirilən petisiya 200 mindən çox insan tərəfindən imzalanıb. 

“Biz petisiya barədə bilirik. Məsələ bu gün müzakirə olunacaq. AYB-nin cavabı daha sonra dərc olunacaq”, - deyə AYB-nin mətbuat katibi Pol Cordan məlumat verib. 

O, nəticələrə yenidən baxılmasını inandırıcı hesab etmədiyini də bildirib. 

“Eurovision-2008”in qalibi Dima Bilanın prodüseri olan Yana Rudkovskaya hesab edir ki, müsabiqənin nəticələrini heç kəs təkrar nəzərdən keçirməyəcək. Onun sözlərinə görə münsiflər heyəti tamaşaçılardan fərqli olaraq sadəcə görüntünü deyil, vokalı və mahnının qazandığı papulyarlığı da nəzərə alır. 

Yana münsiflər heyətinin qiymətləndirməsində nöqsanlar olduğunu və bu səsvermə sisteminin yenidən işlənməsinə ehtiyac olduğunu bildirsə də, Rusiyadakı münsiflər heyətinin də eyni səhvləri etdiyini qeyd edib: “Mən Lazarevin düzgün qiymətləndirilmədiyi fikrilə razıyam. Lakin bizim münsiflər heyəti də Camalaya 0 xal verdi. Halbuki, tamaşaçılar ona 10 xal vermişdi. Avstraliyalı ifaçıya isə münsiflər heyətimiz 2 xal verdi. Onun ən güclü olduğunu nəzərə alsaq, bu, necə baş verə bilərdi? Belə aydın olur ki, biz digərlərindən heç nə ilə fərqlənmirik. Odur ki, qalmaqal yaratmaq düzgün deyil”.

Qeyd edək ki, mayın 14-də Stokholmda keçirilən “Eurovision-2016” müsabiqəsinin qalibi ukraynalı ifaçı Camala olub. Yarışmada 2-ci yeri Avstraliyadan olan müğənni Demi İm, 3-cü yeri isə rusiyalı ifaçı Sergey Lazarev tutub. Rusiya Lazarevin tamaşaçı səsverməsində daha çox səs topladığını və qalibin siyasi motivlərlə müəyyən edildiyi iddia edib. 

Xatırladaq ki, petisiyanın müəllifi kimi erməni Artur Ovanesyan göstərilib. (AzNews.az)

Qaynarinfo.az