Məşhur amerikalı müğənni və aktrisa Meraya Keri anası Patrisiyanı və bacısı Alisonu eyni gündə itirib.
Qaynarinfo xəbər verir ki, müğənni bu barədə "People" jurnalına açıqlamasında bildirib.
"Ürəyim parçalandı, bu həftə sonu anamı itirdim. Təəssüflər olsun ki, faciəvi bir təsadüf nəticəsində bacım eyni gündə dünyasını dəyişdi", deyə müğənni bildirib.
Keri əlavə edib ki, həyatıboyu onunla çətin və qeyri-sabit münasibətə baxmayaraq, ölümündən əvvəl son həftəni anası ilə keçirdiyi üçün xoşbəxtdir. Müğənni anası və bacısının ölümünün səbəblərini açıqlamayıb, onun şəxsi həyatın toxunulmazlığı hüququna hörmət edilməsini istəyib və göstərilən dəstəyə görə hamıya təşəkkür edib.
87 yaşlı Patrisiya Keri opera oxumağı öyrədirdi. Meraya Keri xatirələrində anası ilə çətin münasibətlərindən bəhs edib. Müğənninin sözlərinə görə, çətinliklərə səbəb peşəkar rəqabət olub. Meraya xatirələrində yazır: "Bizim münasibətimiz qürur, ağrı, utanc, minnətdarlıq, qısqanclıq, heyranlıq və məyusluğun tikanlı ipidir".
Amerika mətbuatının yazdığı kimi, Meraya Kerinin bacısı Alisonla münasibətləri də pis olub. Müğənni xatirələrində onunla və qardaşı Morqanla heç bir əlaqə yaratmamağın təhlükəsiz olduğunu yazıb. Kitabın buraxılmasından sonra Alison Keridən "böyük emosional əzab"a görə 1,2 milyon dollar tələb edib.
Aydın