
Almaniyada parlament seçkiləri başa çatıb və nəticələrə əsasən, Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası səslərin 33 faizini qazanaraq seçkinin qalibi olub.
Sosial Demokratlar Partiyası 20%-lə 2-ci, Almaniya Alternativ Partiyası isə 12,6% səslə 3-cü olub. Azad Demokratlar Partiyası 10,7%, Sollar Partiyası 9,2%, Yaşıllar isə 8,9% səs toplayıb.
Maraqlısı budur ki, faşist ideyalarının daşıyıcısı olan Almaniya Alternativ Partiyası 3-cü yeri tutub. Bununla da Adolf Hitler hakimiyyətindən sonra faşistlər ilk dəfə parlamentə düşüb və böyük səs faizi toplayıb. Faşist partiyasının Bundestanqda təmsil olunması Almaniyada müsbət qarşılanmayıb və ölkənin bir çox yelərində etiraz aksiyaları keçirilib.
Seçkilərdən sonra Almaniyada hansı dəyişikliklər gözlənilir? Faşist partiyasının uzun müddətdən sonra yenidən parlamentdə və hökumətdə təmsil olunması nəyin göstəricisidir?
Prosesi "Qaynarinfo"ya şərh edən politoloq Eldar Namazov ümumiyyətlə Almaniyada və Avropanın digər ölkələrində radikal millətçilərin aktivləşdiyini bildirib:

"Almaniyadakı seçkilərin nəticəsi Avropada və dünyada gedən qlobal siyasi proseslərin davamıdır. Həm ABŞ-da, həm Avropanın başqa ölkələrində sağ mərkəzçi, radikal mərkəzçi qüvvələr baş qaldırır, seçkilərdə daha çox səs toplaya bilirlər. ABŞ-da da, Fransada da, Hollandiyada da, Avstriyada da bunun şahidi olduq. Hazırda Avropa Birliyində müəyyən problemlər yaşanır və onlardan ən ağırı qaçqın problemi, qaçqınların yerləşdirilməsidir. Bütün ölkələrdə də bu problemə reaksiya verən insanların bir çoxu radikal mövqedən yanaşır, radikal şüarların arxasınca gedirlər. Almaniyada da bu proses oldu, ona görə də faşist partiyası olan Almaniya Alternativ Partiyası Hitler hakimiyyətindən sonra ilk dəfə olaraq parlamentə düşdü və ümumi səslərin 12,6 faizini toplayaraq ilk üçlükdə qərarlaşdı. Bu, gözlənilən nəticə idi. Xanım Merkelin partiyası müəyyən qədər faiz itirsə də, aparıcı partiya kimi siyasi səhnədə qaldı və o, yenidən hökuməti formalaşdıracaq".

Politoloq bildirib ki, faşistlərin Şərqi Almaniyada daha çox səs toplaması faşist və Sovet ideologiyalarının oxşarlıqlarının təsiridir:
Burada maraqlı məqam ondan ibarətdir ki, sağ mərkəzçi faşist adlandırılan partiya daha çox vaxtilə Sovetlər blokuna daxil olan Şərqi Almaniyada səs toplayıb. Yəni, bu, uzun illər sosializm sistemində yaşayan, kommunizmi formalaşdıran totalitar rejimin təsiridir. Müxtəlif ekspertlər dəfələrlə mətbuatda deyiblər ki, kommunizmlə faşizm arasında oxşarlıq çoxdur, hər ikisi avtoritar rejimlərdir. Onların dünyagörüşü və düşüncə tərzində oxşarlıqlar çoxdur. Təsəvvür edin ki, Şərqi Almaniyanın bəzi bölgələrində hətta faşist partiyası Merkelin partiyasından daha çox səs topladı, bir çox yerlərdə ikinci oldu. Əslində çox maraqlı vəziyyətdi. Çünki, daimi demokratiya, qanunun aliliyi şəraitində yaşayan bölgələrdə faşist ideologiyası o qədər də çox səs toplaya bilmir, amma Sovetlər sisteminin təsiri altında olmuş Şərqi Almaniyada az qala səslərin yarı faizini götürür. Bu, totalitar sistemlərin boşluğu və təsirindən xəbər verir".

Eldar Namazov həmçinin Almaniyanın xarici siyasətində önəmli bir dəyişikliyin olmayacağını və ənənəvi yolun davam etdiriləcəyini qeyd edib:
"Güman etmirəm ki, Almaniyanın apardığı xarici siyasətdə dəyişikliklər olacaq. Əvvəllər xanım Merkelin partiyası koalisiyanı Azad Demokratlar Partiyası ilə yaradırdı. Amma ADP bir müddət parlamentə düşə bilmədiyi üçün Merkel böyük koalisiyaya gedərək Sosial Demokratlar Partiyası ilə koalisiya yaratmağa başladı. Artıq ADP parlamentə düşüb. Düşünürəm ki, yenidən köhnə format bərpa olunacaq və nə qədər də millətçi, sağ mərkəzçi qüvvələrin reytinqi artsa da, Almaniya öz ənənəvi siyasətini və yolunu davam etdirəcək. Son illərdə Sosial Demokratlar Partiyasında müəyyən parçalanma oldu və yeni bir partiya - Sollar Partiyası yarandı. Bu, SDP-dən ayrılmış bir partiyadır və onlar da parlamentdə səslərin 9 faizdən çoxunu toplayıblar. Bu parçalanma olmasaydı, hər iki partiyanın səs faizini toplayanda 30 faizlik sosial baza görsənərdi. Sadəcə 30 faizlik baza indi iki partiya arasında parçalanıb".

Türkiyə-Almaniya münasibətlərindən də danışan Eldar Namazov seçkilərdən sonra iki ölkə arasındakı münaibətlərin normallaşacağını istisna etmədiyini söyləyib:
"Bilirsiniz Almaniya-Türkiyə münasibətlərindəki gərginlik Türkiyədə parlament seçkilərindən öncə başladı və bu soyuqlaşma Almaniyada parlament seçkilərinə qədər davam etdi. Artıq həm türkiyədə, həm də Almaniyada seçkilər bitib və hökumət formalaşıb. Hakimiyyətlər ənənəvi hakimiyyətlərdir, yəni Türkiyədə Ərdoğan, Almaiyada da Merkel hakimiyyətidir. İndi hansısa bir seçki kollekturası onlara təzyiq göstərmir. Güman edirəm ki, seçkilər bitdikdən sonra Türkiyə ilə Almaniya arasındakı münasibətlər normallaşacaq. Bu fürsəti məncə nə xanım Merkel, nə də Ərdoğan əldən verməyəcək".
Çingiz Səfərli
Qaynarinfo.Az