Xəbər lenti

Fərdi inkişaf kitabları həqiqətənmi faydalıdır?
Sənət13:16 28.10.2016

Fərdi inkişaf kitabları həqiqətənmi faydalıdır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fərdi-inkişaf kitabı qədər gülünc janr ola bilməz. Etiraf elə: mövcudluğunun öhdəsindən gəlmək üçün, sən tez-tez belə başlıqlı kitablara baş qoşursan və yaxşı təhsilli, ciddi görünməyə çalışan adamların şübhələrinə, rişxəndlərinə tuş gəlməyə meyllisən. Bu qəbildən olan kitabların dəyərsiz zir-zibil olmadığını inkar etmək sanki naşirlərin missiyasıdır - onları cəlbedici cildlərlə bəzəyib düzəyirlər; kitab satıcıları isə bu kitabları “Düşüncə, bədən, ruh” bölmələrinin yaxınlığında üst-üstə qalayır, seçilməz ölgün çəhrayı-bənövşəyi sütunların ucalmasına töhfə verirlər. 

Amma vaxt olub, vəziyyət başqa cür olub. Qərbin 2 min illik tarixi ərzində fərdi inkişaf kitabı özünə ədəbi nailiyyətin zirvəsində yer tutub. Qədimdəkilər xüsusilə mahir təcrübəçilər olublar. Epikür məhəbbət, ədalət, insan ömrü daxil olmaqla, demək olar, hər bir mövzuda təqribən üç yüzə yaxın kitab yazıb. Stoik filosof Seneka həmyerliləri romalılara qəzəbin (“Qəzəb haqqında” kitabı hələ də oxunur), uşaq ölümünün (“Marsiyaya təsəlli”), siyasi və iqtisadi rüsvayçılığın (“Lusilə məktublar”) öhdəsindən necə gəlməklə bağlı cildlərlə məsləhət xarakterli kitablar yazıb. Mark Avrelinin “Meditasiyalar”ını fərdi-inkişafa dair yazılan ən yaxşı kitablardan biri kimi qələmə vermək heç də ədalətsizlik olmazdı, bu kitab dövlətin bacarıqsızlığından iqtisadi çöküş yaşayanlar üçün münasibdir. 

Xristianlığın nəhənglərindən biri olan Müqəddəs Avqustun bioqrafiyasına baxsaq, o, da bu qəbildəndir. Benediktçilər və Yezuitlər dünyəvi həyatın dəhşətləriylə necə başa çıxmaqla bağlı saysız-hesabsız kitabçalar yazıblar. Teoloq Tomas Kempis “Xristin təqlidi”ndə oxucularına məsləhət verir: istəyən kəs mətndəki cümlələri seçə, onları ürəkdən öyrənə və böhran anlarında təkrarlaya bilər. Görkəmli fərdi inkişaf yazıçıları 19-cu əsrin əvvələrinə qədər aktiv şəkildə fəaliyyətdə olublar. İti və faydalı aforizmlər ustadı, “Kamil həyat haqqında” kitabın müəllifi Artur Şopenhauer 1823-cü ildə belə yazırdı: “İnsan hər səhər yuxudan duranda qurbağa udmalıdır ki, qarşıdakı gün ərzində bundan daha iyrənc bir şeylə qarşılaşmayacağına əmin olsun”. Bu uzun ənənənin arxasında dayanan ehtimal o idi ki, başqalarının bizə lazımlı məsləhət verməklə, həyatlarımızı təkcə fayda qatmırdılar, həm də, çox mahircəsinə şəxsi çıxılmazlıqlarımızı və kədərlərimizi fəsahətli, ümumə aid olan cümlələrə çevirirdilər. Onda biz tənhalığımızın və qorxumuzun azaldığını hiss edirdik. 

Bəs fərdi inkişaf janrının prestij baxımından bugünədək davam edən müntəzəm süqutunu nəylə əsaslandırmaq olar? Buna rəvac verən əsas katalizator 19-cu əsrin ortalarından etibarən yüksəlişə keçən modern universitet sistemi idi ki, filosofların və intellektuaların əsas iş yerinə çevrilirdi, əvəzində isə onlardan faydalı və təsəlliverici olmağı deyil, faktları düzgün toplamağı istəyirdi. Faydalılığı bir kənara qoymaqla, dəqiqlik və uyğunluq aludəçiliyi bundan sonra başladı. Müdrik olmaq üçün filosof və ya tarixçi olmaq fikri (bizim əcdadlarımız üçün tam təbii canatma) artıq idealistik və ərgənlərə xas bir şey sayılmağa başladı. Bununla birlikdə cəmiyyətdə sekulyarlaşma güclənməyə başlandı, hansı ki, müasir insanın yayğın düşüncə tərzinə uyğun olaraq, yaşamaq üçün iş görməsini və yaxşı mühasib, mehriban həkim və elmə lazımi səviyyədə inanaraq ölməyini vurğulayırdı. Onların gələcəyin vətəndaşlarının necə dinclik tapa və nigarançılıqdan necə qurtula biləcəklərinə dair mülahizilərə ehtiyac duyacaqları ağıllarından belə keçmirdi. Bu gün həyatın böyük dillemalarına dair suallara cavab tapmaq üçün istənilən universitetə getsən, professorlar sənə güləcəklər, yaxud təcili tibbi yardım maşını çağıracaqlar. 

Beləliklə, fərdi inkişaf məsələsi bu gün göbələk kimi artan əndrabadi, çox vaxt da dəxlisiz tiplərin ümidinə buraxılıb: insanlar var, Xristian mesajını dəyişdirərək təqdim edir, özümüzə güvənsək, inamlı olsaq, çox işləsək və ruhdan düşməsək, özümüzə iqtisadi cənnət qura biləcəyimizə inandırırlar. Və yaxud bunu buddizmə, psixoanalizə və ya daoizmə aid yüngülvari tanış olmaqla edirlər. Bugünkü təcrübəçiləri birləşdirən cəhət onların hədsiz optimizmidir. Onlar həqiqətən elə zənn edirlər ki, kimisə ruhlandırmağın yolu ona hər şeyin yaxşı olacağını deməkdir. Onlar təvəzökar əcdadlarının – o kəslər ki, kimisə ruhlandırmağın ən qısa yolunun ona hər şeyin pis olduğunu, hətta heç vaxt düşünmədiyi qədər pisə doğru getdiyini demək lazım olduğunu bilirdilər - ruhundan tamamilə uzaqdırlar. Senekanın bunu çox yaxşı ifadə elədiyi kimi: “Həyatın müəyyən anları üçün göz yaşı tökməyə nə ehtiyac var? O, elə bütöv halda ağlamaq üçündür”. 

Bizim fərdi inkişaf kitablarına heç vaxt olmadığı qədər ehtiyacımız var və bu xüsusilə kədərlidir ki, bizim ən ciddi yazarlarımız bu janra etinasız yanaşırlar, oxucuya nəsə faydalı bir şey demək artıq banallıq kimi qəbul olunur. “Otellodan münasibətlərə dair 22 ipucu” - bir kitab başlığı üçün olduqca səfeh görünə bilər, amma bunun əksərən belə başlıqla buraxılan kitabların məzmun növləriylə daha çox əlaqəsi var, nəinki əsas ideyayla. Təsəvvür elə, Karli, Emerson və ya Vircinya Vulf belə bir şeyə cəhd etsəydilər nə olardı? Bizim bugünkü əxlaqi və praktiki çaşqınlıqlarımız səbəbindən, fərdi inkişaf kitabı yenidən doğulmaq və reabilitasiya olunmaq üçün qışqırır. 

Cavid Ramazanlı

Qaynarinfo.Az