Xəbər lenti

Fəxrəddin Altun:
Dünya 20:02 14.03.2023

Fəxrəddin Altun: "Çətin günlərimizdə Türk millətinin yanında olanlara minnət borcumuz var"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Avropa Parlamentində çıxışı zamanı fevralın 6-da ölkəsində baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dəstəyinə görə Azərbaycana təşəkkür edib. O, Avstriyadan Azərbaycana, Yaponiyadan Yunanıstana, ABŞ-dan Ukraynaya, İsraildən Almaniyaya, Cənubi Koreyadan Qətərə, Rusiyadan İspaniyaya qədər bir çox ölkələrin Türkiyənin çağırışına müsbət cavab verdiyini bildirib.

"Təbii ki, bu çətin gündə türk millətinin yanında olan bütün dövlətlərə və xalqlara minnət borcumuz var. Bu çərçivədə bir çox ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərdi. Zəlzələdən zərərçəkənlərə maddi və humanitar yardımlar çatdırıldı.

Atalarımız deyiblər ki, "dost pis gündə tanınar”. Biz dəstək göstərən bütün ölkələrə təşəkkür edirəm. Zaman-zaman dövlətlər arasında fikir ayrılıqları olsa da, zəlzələ nəticəsində bu qədər millətlə bəşəri ortaq zəmində bir araya gəldiyimiz və bu qədər dostumuzun olduğunu gördüyümüz üçün sevinc hissi duyduq. Ona görə də biz bir tərəfdən milli dövlət reflekslərini gücləndirməklə vətəndaşlarımızın rifahını yüksəltdiyimiz halda, digər tərəfdən ümumi ağrı və risklər qarşısında milli dövlət reflekslərinin arxa planda qalmalı olduğunu görürük. Dünyamızı təhdid edən pandemiya, silahlı toqquşma və təbii fəlakətlərin qlobal fəsadlarının azaldılması üçün beynəlxalq əməkdaşlıq modelini inkişaf etdirməliyik”, - F.Altun vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 48 mindən çox insan həlak olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->