İdman 15:52 05.04.2023

"Feyenord" - "Roma" matçına qonaq azarkeşlər buraxılmayacaq (SƏBƏB)

Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək "Feyenord" - "Roma" matçlarında qonaq komanda azarkeşləri stadiona buraxılmayacaq.

Qaynarinfo-nun məlumatına görə, UEFA bu barədə qərar qəbul edib. Qurumdan verilən açıqlamada Niderland və İtaliya arasında keçirilən görüşlər təhlükəsizlik baxımından yüksək risk kimi qiymətləndirilib və qonaq komandanın azarkeşlərinin stadiona buraxılmaması haqqında qərar çıxarıldığı bildirilib.

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində aprelin 13-də "Feyenoord" "Roma"nı qəbul edəcək. Cavab matçı isə aprelin 20-də Romada keçiriləcək. İtaliya klubunun rəsmiləri də UEFA-ya müraciət edərək, paytaxt Romada keçiriləcək matça Niderlanddan olan azarkeşlərin buraxılmayacağını bildiriblər. 

Sözügedən qərarın səbəbi iki komanda arasında əvvəlki matçlarda baş verən hadisələrə əsaslanır. 2022-ci ildə Konfrans Liqasının finalında Albaniyanın paytaxtı Tiranada oynanılan matçdan əvvəl komandaların azarkeşləri arasında toqquşma olub və hadisə zamanı 19 polis yaralanıb.

2015-ci il fevralın 19-da isə Avroliqa matçı öncəsi baş verən başqa bir hadisədə İtaliyanın paytaxtına gələn niderlandlı azarkeşlərin 17-ci əsrə aid "Barcaccia" fontanına ciddi ziyan vurması İtaliyada hiddət doğurmuşdu.

Səbuhi Həsənov