Finlandiyanın «Gasum» enerji şirkəti "Qazprom Export”un rublla hesablaşmalara keçmək tələbini qəbul etməkdən imtina edib. Şirkət müqaviləyə uyğun olaraq arbitraj üçün müraciət edib.
Məlumatda qeyd edildiyi kimi, "Gasum”un Rusiyanın "Qazprom Eksport” şirkəti ilə qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var, onun detallarını şirkətlər ötən ilin payızından razılaşıblar.
Bununla belə, aprel ayında "Qazprom Export” şirkəti "Gasum”a məktub göndərərək, tədarük müqaviləsində nəzərdə tutulan gələcək ödənişlərin avro ilə deyil, rublla aparılmasını tələb edib. Bundan başqa, "Qazprom eksport” tədarük müqaviləsi üzrə "Gasum”a qarşı digər iddialar da irəli sürüb.
"Gasum", "Qazprom Eksport"un rublla hesablaşmalara keçmək tələblərini qəbul etmir və buna görə də rublla və ya "Qazprom Eksport"un təklif etdiyi ödəniş mexanizminə uyğun olaraq ödənişləri həyata keçirməyəcək. Bundan əlavə, şirkətlər arasında müqavilə ilə irəli sürülən digər iddialarla bağlı ciddi fikir ayrılıqları var", - bəyanatda deyilir.
"Gasum" hesab edir ki, hazırkı tədarük müqaviləsi çərçivəsində tədarükün dayandırılması riski artır və bu səbəbdən Rusiyadan Finlandiyaya təbii qaz idxalı dayandırıla bilər.
"Gasum" müştəriləri və milli hakimiyyət orqanları ilə birlikdə bu vəziyyətə hazırlaşır. Qarşıdan gələn yay mövsümündə "Gasum" şirkəti "Balticconnector" qaz kəməri vasitəsilə fin müştəriləri üçün təbii qazın mövcudluğunu təmin etməyə çalışacaq. Bununla belə, kəmərin buraxılış gücünün məhdud olması bu işi çətinləşdirə bilər”, - məlumatda deyilir.
Nizami Bağırov