Xəbər lenti

Firdovsi Umudov legionerləri Budapeştə aparmasından danışdı - MÜSAHİBƏ
İdman16:40 13.12.2016

Firdovsi Umudov legionerləri Budapeştə aparmasından danışdı - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçi əvəzi Firdovsi Umudovun Qaynarinfo.Az saytının Budapeştə ezam olunmuş əməkdaşına müsahibəsi

- İlk öncə dekabrın 10-11 tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatı haqda fikirlərinizi öyrənmək istərdim.

- Bildiyiniz kimi, sərbəst güləş üzrə yarış qeyri-Olimpiya çəkiləri üzrə - 61 və 70 kq üzrə keçirilirdi. Bu çəki dərəcəsində olan güləşçilərin Olimpiadada iştirak etmək şansı olmadığından, bu dünya çempionatında yarışırdılar. 2 yunan-Roma, 2 qadın və 2 sərbəst güləş üzrə idmançımız bura gəlmişdi. Deyərdim ki, buranın səviyyəsi də geri qalmır. Əvvəlki Olimpiya çempionlarından burda yarışanlar vardı. Ümumilikdə sərbəst güləşdə gənc heyətə üstünlük vermişdik. Həm Əhmədnəbi Qvarzatilov, həm də Qitinoməhəmməd Hacıyev çox gəncdirlər. Əhmədnəbi çox yaxşı güləşdi və bürünc medal qazandı. Qitinoməhəmməd isə ABŞ güləşçisinə uduzdu. Bu idmançıları 4 il sonra Tokioda keçiriləcək Olimpiadaya hazırlaşdırırıq.

- Yəni onların burda iştirak etməsi o demək deyil ki, həmişə qeyri-Olimpiya çəkisində mübarizə aparacaqlar?

- Yox, təbii ki. Qitinoməhəmmədin 65 kq çəki dərəcəsində çıxış etməsini planlaşdırırıq. Biz onu burda yoxlamağa gətirmişdik.

- 2 idmançı ilə 1 bürünc medal qazandınız. Bu sizin üçün necə nəticə sayılır?

- Elə komandalar vardı ki, heç 1 medal da qazana bilmədi. Təbii ki, biz 2 medalla Bakıya qayıtmağı planlaşdırmışdıq. Fikir verdinizsə, Əhmədnəbi yarımfinalda gürcü idmançısına öz səhvi ucbatından minimal xal - 11:12 hesabı ilə uduzdu. Sadəcə onda yarış təcrübəsi çatmadı. Ancaq ümumilikdə bütün görüşlərində gözəl ustalıq ortaya qoydu.

- Yunan-Roma güləş yığmamızdan fərqli olaraq, siz Macarıstana 2 legionerlə yollanmağa üstünlük verdiniz və bu, Azərbaycanda birmənalı qarşılanmadı. Bu məsələyə də fikir bildirərdiniz...

- Bilirsiniz, bəlkə də məndən çox özümüzünküləri istəyən yoxdur. Fikir verdinizsə, Əhmədnəbi bürünc medal qazananda ona bayraqla dövrə vurmağı tapşırdım. Mənim üçün Azərbaycanın bayrağının qalxması ən öndə duran məsələdir. Mən bu 2 güləşçini çoxdan tanıyıram. Onlar uzun müddətdir ki, bizimlə birgədir. İstedadlı olmasaydılar, bura gətirməzdim. Seçim özümə məxsusdur. Saytlardan biri yazır ki, cəmi 2 medalla yığmamız vətənə dönür. Ancaq fikir vermirlər ki, biz bura cəmi 6 idmançı ilə gəlmişdik. İran kimi güclü milli 4 idmançı ilə burda təmsil olundu və heç medal qazana bilmədi.

- Siz ötən ay Saypulla Absaidovun gənclər millisinə göndərilməsindən sonra sərbəst güləş üzrə əsas komandaya baş məşqçi əvəzi təyin olundunuz. Əsas komandaya baş məşqçi təyin olunmamanız nə ilə bağlıdır?

- Mən Bakıda keçirilmiş Qızıl Qran Pridə də, burda da komandanı səhnəyə çıxartdım və medal qazandıq. Federasiya mənə etibar edib. Mən də üzərimə düşən məsuliyyəti başa düşürəm. Çalışıram ki, mənə göstərilən etimadı doğruldum. Federasiya rəhbərliyi necə lazım bilsə, elə də olacaq. Onsuz da Saypulla Absaidovun vaxtında da komandada idim. Neçə ildir ki, güləşdəyəm. Bu idman növündə əməkdar məşqçiyəm. Həm də idman ustasıyam. 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına yiyələnmişəm və bu, Azərbaycanda yeganə mənə məxsus tituldur. Hər zaman istər köməkçi məşqçi, istərsə də baş məşqçi kimi Azərbaycanın uğur qazanması üçün çalışıram.

Səbuhi TOFİQOĞLU

Budapeşt - Bakı

Qaynarinfo.Az