Dünya 19:12 12.05.2023

Fransada siyasi qalmaqal: Ölkə şəxsiyyətə pərəstişə keçir...

Fransada Emmanuel Makronun partiyasından olan iki deputatın meriya binalarında prezidentin portretinin asılmasının məcburi edilməsi təklifi siyasi qalmaqala səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə The Guardian yazır.

Cümə axşamı, mayın 11-də Fransa parlamentinin aşağı palatası 1500 nəfərdən çox əhalisi olan meriyaların Fransa və Avropa bayraqlarını dalğalandırmasına dair təklifləri qəbul edib.

Bununla belə, qanun layihəsinə edilən bir sıra düzəlişlər çərçivəsində Makronun partiyasından olan iki millət vəkili Deni Masselya və Nikol Dübre-Şira qanunla bütün meriyaların prezidentin portretini asılmalı olduğu müddəasını əlavə etməyə nail olublar. 

Düzəliş konkret olaraq Makronun yox, vəzifədə olan istənilən prezidentin portretlərinə aiddir. Parlamentin aşağı palatasına qayıtmazdan əvvəl təklif Senatda müzakirə olunmalıdır.

İndi Fransanın bələdiyyə binaları hazırkı prezidentin portretlərini nümayiş etdirir, lakin bu, qanuni öhdəlik deyil, ənənədir.

Men-i-Luar departamentindən olan qanunverici Masselya parlamentə bildirib ki, şəhər meriyası "fransız xalqının evi kimidir”.

"Ona görə də, demokratik səsverməyə hörmət baxımından hansı prezident olur-olsun, şəkli orada asılmalıdır”, - deyə o bildirib.

Solçular Makronun partiyasına hücum etmək üçün təklif edilən düzəlişdən istifadə ediblər. İfrat sol partiyası La France Insoumise-dən Antaun Leomen Makronun partiyasının deputatlarını "liderə pərəstiş etməkdə" günahlandırıb və merləri həm portret təklifinə, həm də Makronun minimum pensiya yaşını 62-dən 64-ə qaldırmağa dair yeni qanununa etiraz olaraq Makronun şəklini yığışdırmağa çağırıb. 

Digər ifrat solçu deputat Rakel Qarrido isə Makronun partiyasını qanunu "zorla” qəbul etdirməkdə ittiham edib. 

Nizami Bağırov