Fransız təsərrüfat birlikləri hökumətin daha çox yardım vədləri ilə vəziyyəti sakitləşdirmək səyləri uğursuz olduqdan sonra bazar ertəsi Paris ətrafındakı magistral yolları bağlamaqla hədələyir.
Ölkənin ən güclü birliyi FNSEA Gənc Fermerlər Birliyi ilə birlikdə Fransanın Baş naziri Qabriel Attalın bazar günü fermerlərlə görüşü zamanı əlavə dəstək vəd etməsinə baxmayaraq, Parisi "mühasirəyə almağa" çağırış edib.
Attal fermerlərin haqsız rəqabət və təsərrüfat əmlakının təhvil verilməsi ilə bağlı problemlərin həlli üçün tədbirlər görəcəyini vəd edib.
Bundan əvvəl baş nazir kənd təsərrüfatı yanacağına vergilərin artırılması planını ləğv edəcəyini və qiymət danışıqları qaydalarına əməl etməyən şirkətlərə böyük cərimələr tətbiq edəcəyini vəd edib.
O, həmçinin Fransanın Avropa İttifaqı ilə ABŞ arasında böyük ticarət sazişinə qarşı olduğunu təsdiqləyib.
Fransanın daxili işlər naziri Gerald Darmanin bazar günü hava limanlarının və Rungis topdansatış ərzaq bazarının bağlanmasının qarşısını almaq və şəhərə girişi qorumaq üçün polisin Paris bölgəsində "əhəmiyyətli" iştirakını əmr edib.
FNSEA rəhbəri Arnaud Rousseau deyib ki, hökumətin vədləri "yollarda baş verən hər şeyi nəzərə alsaq, açıq şəkildə kifayət deyil”.
Fransız fermerlər artan istehsal xərclərinə və sərt Avropa qaydalarına etiraz olaraq bir həftədən çoxdur ki, yolları bağlayırlar.
Fransada son bir həftədir davam edən fermer etirazları yolların bağlanması, nümayişkaranə surətdə şəhərlər arasında və binaların üzərinə peyin və saman atılması, təkərlərin və saman yığınlarının yandırılması və s. ilə müşayiət olunur.
Alpər