Norveçdə ailəsinə futbol oynamağa getdiyini deyərək evdən çıxan 18 yaşlı Yohannes Natland dörd gün sonra İngiltərədə iki silah, həqiqi güllələr və 2 min funt-sterlinqlə saxlanılıb. Məhkəmə gəncin sosial şəbəkələr vasitəsilə cinayətkar qruplaşma tərəfindən 21 min funt-sterlinq müqabilində qətl törətmək üçün işə cəlb edildiyini müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, Norveçin Stavanger şəhərində yaşayan Yohannes Natland 17 mart 2025-ci ildə ailəsinin evindən çıxarkən anasına futbol oynamağa getdiyini və axşam qayıdacağını deyib.
Lakin həmin gecə evə qayıtmayıb. Ertəsi gün səhər anası Ellen Konqsnese qısa mesaj göndərərək bir neçə günlük dostunun yanına getdiyini bildirib.
Oğlundan günlərlə xəbər ala bilməyən ana onun evə qayıtması üçün ard-arda mesajlar göndərib. Dörd gün sonra qapıya gələn üç polis əməkdaşı ailənin həyatını dəyişəcək xəbəri verib.
Hələ 18 yaşı olan və daha əvvəl təkbaşına xaricə səfər etməyən Yohannes İngiltərənin Haddersfild şəhərindəki otel otağında saxlanılıb. Otaqda iki silah, 12 həqiqi güllə və 2 min funt-sterlinq nağd pul aşkarlanıb.
21 min funt-sterlinqlik plan
Londondakı Old Beyli Cinayət Məhkəməsində keçirilən prosesdə Yohannesin İsveç mənşəli “Foxtrot” adlı mütəşəkkil cinayət şəbəkəsi tərəfindən İngiltərədə bir şəxsi öldürmək üçün internet vasitəsilə işə cəlb edildiyi bildirilib.
Prokurorluğun məlumatına görə, gəncə bu tapşırıq müqabilində 270 min Norveç kronu, yəni təxminən 21 min funt-sterlinq vəd edilib.
İki həftə davam edən məhkəmə prosesindən sonra Yohannes qətl törətmək məqsədilə sui-qəsd planında iştirakda təqsirli bilinib.
Məhkəmə prosesini zalda izləyən ana Ellen Konqsnese zaman-zaman təqsirləndirilən şəxslər üçün ayrılmış hissədə oturan oğluna əl edib. Özü də jurnalist olan ana uğurlu şagird və istedadlı futbolçu kimi təsvir etdiyi oğlunun beynəlxalq qətl planının bir hissəsinə necə çevrildiyini hələ də anlaya bilmədiyini deyib.
Sosial mediada tələ
Yohannesin mütəşəkkil cinayət şəbəkəsi ilə əlaqəsinin uşaq baxımı mərkəzində tanış olduğu başqa bir gəncdən aldığı mesajla başladığı bildirilib.
Mesajda İngiltərədə törədiləcək qətl üçün böyük məbləğdə pul təklif olunurdu. Hücumu həyata keçirəcək şəxsin daha sonra ölkədən çıxarılacağı və “heç nəyin yolunda getməməsi üçün heç bir səbəb olmadığı” iddia edilirdi.
Yohannes qısa müddət sonra “Generalen” və “Agent 47” ləqəblərindən istifadə edən şəxslərin olduğu qrup çatına əlavə edilib. “Agent 47” adının “Hitman” videooyunundakı muzdlu qatil obrazından götürüldüyü bildirilib.
Gənc müvəqqəti pasportla Mançesterə uçub. Yanında cəmi 40 funt-sterlinq, mobil telefonu və kiçik çantası olub. Daha sonra taksi ilə Haddersfildə gedib və ona göstərilən meşəlik ərazidən silahları və pulu götürüb.
Polis onun izində idi
Norveç polisi Yohannes İngiltərəyə getməzdən əvvəl cinayət şəbəkəsinə aid bəzi mesajları müəyyən edib. Yazışmalardan birində “Avropada bir tapşırıq” ifadəsinin keçməsindən sonra Stavanger şəhərindəki gənc təşkilatçılardan biri Oslo hava limanında saxlanılıb.
Yohannesin müəllimi və sinif yoldaşı da gəncin evdə keçirilən bir məclisdə “Foxes” adlı qrupla işlədiyini, “çoxlu pul qazanacağını və bir nəfərin öləcəyini” söylədiyini polisə bildiriblər.
Norveçli rəsmilər Yohannesin yerini Haddersfildə müəyyən ediblər. İngiltərə polisi gənci martın 19-da səhər saat 05:15 radələrində qaldığı oteldə saxlayıb.
Bu zaman anası oğlunun hələ də Stavangerdə olduğunu düşünərək ona davamlı mesajlar göndərirmiş. Ailə həmçinin onun itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Müdafiəsi inandırıcı olmayıb
Yohannes silahları saxladığını etiraf etsə də, qətl planının bir hissəsi olduğunu rədd edib. Məhkəmədə o, tapşırığı sabotaj etmək məqsədilə özünü ayağından vurmağı planlaşdırdığını bildirib.
Anası da oğlunun insan öldürə bilməyəcəyini və cinayətkar qruplar tərəfindən istismar edilən həssas vəziyyətdə olan bir gənc olduğunu müdafiə edib.
Lakin münsiflər heyətinə təqdim olunan mesajlar Yohannesin tapşırıq barədə dostlarına və sevgilisinə danışdığını göstərib. Gəncin silahı əlində tutarkən gülümsədiyi fotoşəkil göndərdiyi və qətlin yaxın zamanda həyata keçiriləcəyini yazdığı bildirilib.
Keçmiş sevgilisi də Yohannesin ona pul müqabilində bir şəxsi öldürəcəyini söylədiyini məhkəmədə ifadə edib.
Hədəfdəki gənclər
“Foxtrot” şəbəkəsinin İsveç-İraq əsilli Rava Məcid tərəfindən idarə edildiyi bildirilir. “Kürd tülküsü” ləqəbi ilə tanınan Məcidin Skandinaviyada narkotik ticarətində təsirli olduğu və 2023-cü ildə İrana qaçdığı iddia edilir.
Qruplaşmanın son illərdə Avropada müxtəlif hücum planları ilə əlaqələndirildiyi qeyd olunur.
“Foxtrot”un xüsusilə sosial media və şifrəli mesajlaşma qrupları vasitəsilə həssas vəziyyətdə olan gəncləri pul müqabilində yanğın törətmək, bombalama və qətl kimi cinayətlərə cəlb etdiyi bildirilir.
Bu sistem “xidmət kimi cinayət” adlandırılır. Cinayətkar qruplaşmalar özləri ilə birbaşa əlaqəsi olmayan uşaq və gənclərdən istifadə etməklə hücumlar təşkil etməyə çalışırlar.
“Telegram” tərəfindən sonradan bağlanan “Samurai Kids” adlı qrupun 10 mindən çox üzvünün olduğu bildirilib. Bəzi tapşırıqların hətta 13 yaşlı uşaqlara qədər çatdığı iddia olunur.
Ailə borca düşüb
Yohannesin ailəsi oğullarını Londondakı Temzsayd və Belmarş həbsxanalarında ziyarət edə bilmək üçün təxminən 100 min funt-sterlinq xərclədiklərini və səfər xərcləri səbəbindən borca düşdüklərini açıqlayıb.
Ana Ellen Konqsnese oğlunun cəzasını Norveçdə çəkməsi üçün təşəbbüslərə başlayacağını bildirib. İngiltərədəki həbsxana şəraitinin Norveçdən xeyli fərqli olduğunu deyən ana oğlunun həbsxanada hər hansı dəstə ilə əlaqələndirilməmək üçün daim norveçli olduğunu vurğuladığını söyləyib.
Ailə məhkumluq qərarından sonra da Yohannesin yanında olacağını açıqlayıb.
Ana Konqsnese oğlunun psixoloji problemlər yaşadığı bir dövrdə yanlış insanlarla əlaqə qurduğunu bildirərək sosial media vasitəsilə gəncləri hədəfə alan cinayətkar qruplara qarşı ailələri xəbərdar edib.
Yohannes Natlanda veriləcək cəzanın daha sonra açıqlanması gözlənilir.
Aydın
Şərhlər