Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA matçlarda itirilmiş vaxtların qarşısını almaq üçün mümkün dəyişiklikləri qiymətləndirəcək.
Qaynarinfo-nun məlumatına görə, hər iki qurum Londonda keçiriləcək illik iclasda matçlarda topla oynama vaxtının artırılması ilə bağlı dəyişikliklərlə bağlı təklifləri müzakirə edəcək. "Times”da yer alan xəbərə görə, FIFA və IFAB-ın sabahkı iclasda 3 təklifi dəyərləndirəcəyi bildirilib. Təkliflərdən biri də basketboldakı kimi futbolda da vaxtı dayandırmaqdır.
"Arsenal”ın keçmiş vitse-prezidenti, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqanın hazırkı səfiri David Dein "Times” qəzetinə açıqlamasında "Mən hər dəfə top meydanı tərk edəndə saatı dayandırmağı məsləhət görmürəm, lakin ən çox vaxt qol sevincləri, əvəzetmələr, zədələr, cəzalar və VAR araşdırmaları zamanı itirilir" deyib.
Komitədə müzakirəyə çıxarılacaq digər təklif Qətərdə keçirilən dünya çempionatında tətbiq olunan əlavə dəqiqələr qaydasıdır. Lakin matçların çox uzanması səbəbindən bu qayda ilə bağlı narahatlıqlar var. Qətərdəki mundialdan sonra Super Liqada tətbiq edilən qaydanın gələcəkdə digər liqalarda da istifadə olunması təklif olunub.
Bundan əlavə, topun meydanı tərk etməsi zamanı basketbolda olduğu kimi, müəyyən vaxt ərzində onun yenidən oyuna salınması qaydasına da baxılır.
Səbuhi Həsənov