Xəbər lenti

Gələcəyin müharibələri kosmosa daşına bilər (XƏBƏRDARLIQ)
Dünya 19:59 05.08.2026

Gələcəyin müharibələri kosmosa daşına bilər (XƏBƏRDARLIQ)

Uzun illər müharibələrdən uzaq və təhlükəsiz məkan hesab edilən kosmos artıq yeni qarşıdurma meydanına çevrilə bilər. Mütəxəssislər hesab edirlər ki, peyk sistemlərinə qarşı kiberhücumlar, kosmik silahların hazırlanması və aparıcı dövlətlərin hərbi fəaliyyətinin artması gələcəkdə müharibələrin Yer orbitinə daşınması riskini artırır.

Qaynarinfo xəbər verir ki, hazırda qlobal kosmik iqtisadiyyatın həcmi 626 milyard dollara çatıb. Rabitə, naviqasiya, bank sistemi və hərbi əməliyyatlar kimi strateji sahələr isə böyük ölçüdə peyklərdən asılı vəziyyətə gəlib.

Kosmosdakı ilk müharibə nümunəsi Ukraynada yaşanıb

Ekspertlərin fikrincə, kosmosda aparılan müharibənin ilk nümunəsi 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı qeydə alınıb.

Bildirilir ki, işğaldan bir neçə saat əvvəl Ukrayna və Mərkəzi Avropada minlərlə peyk kiberhücum nəticəsində sıradan çıxarılıb.

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) eksperti Kari Bingen bildirib ki, həmin hücum Ukrayna ordusunun rabitəsini iflic etməyə yönəlmişdi. Onun sözlərinə görə, müasir müharibələrdə ilk silah artıq raket deyil, zərərli proqram təminatı ola bilər.

Rusiya peykləri diqqət mərkəzindədir

Son illərdə Qərb müşahidəçiləri Rusiyaya məxsus Luch-1 və Luch-2 peyklərinin Avropanın rabitə peyklərinə təhlükəli dərəcədə yaxınlaşdığını qeydə alıblar.

Mütəxəssislər hesab edirlər ki, bu cür manevrlər elektron dinləmə aparmağa, həssas məlumatları ələ keçirməyə və nəzəri cəhətdən hədəf peyklərin idarəetməsini ələ almağa imkan yarada bilər.

Kosmosda hansı silahlardan istifadə oluna bilər?

Ekspertlərin fikrincə, kosmosdakı qarşıdurmalar yalnız raketlərlə məhdudlaşmayacaq. Mümkün hücum vasitələri arasında:

kiberhücumlar;
siqnalların qarışdırılması (jamming);
saxta siqnalların ötürülməsi (spoofing);
lazer sistemləri;
elektromaqnit impuls silahları;
yerdən və ya digər peyklərdən buraxılan kinetik silahlar yer alır.
Nüvə silahları ilə bağlı narahatlıq artır

ABŞ administrasiyası 2024-cü ildə Rusiyanın Cosmos 2553 peykinin kosmos əsaslı nüvə silahı proqramının tərkib hissəsi ola biləcəyini iddia etmişdi.

İddialara görə, belə bir silah SpaceX-in Starlink peyk şəbəkəsi kimi böyük peyk qruplarını elektromaqnit impulsu vasitəsilə bir anda sıradan çıxara bilər.

Moskva isə bu ittihamları rədd edir.

Ekspertlər xəbərdarlıq edirlər ki, kosmosda nüvə silahının istifadəsi təkcə hədəf ölkəyə deyil, bütün kosmik fəaliyyətə uzun illər təsir göstərə biləcək radiasiya və kosmik tullantılar problemi yarada bilər.

Ölkələr qoruyucu peyklər hazırlayır

Mümkün təhlükələrə qarşı Yaponiya, Fransa, Almaniya və Hindistan strateji peykləri qorumaq üçün xüsusi "qoruyucu peyklər" hazırlayır və ya bu istiqamətdə layihələr üzərində işləyir.

Bu peyklərin digər peykləri yaxından izləməsi və zərurət yarandıqda mühüm hərbi peyklərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulur.

Səhv hesablamalar qlobal böhrana səbəb ola bilər

Mütəxəssislər bildirirlər ki, kosmosda hərbi fəallıq artdıqca səhv qiymətləndirmə riski də yüksəlir.

Belə ki, hər hansı peykin parçalanması və ya gözlənilməz manevr etməsi zamanı bunun texniki nasazlıq, yoxsa qəsdən həyata keçirilmiş hücum olduğunu dərhal müəyyən etmək mümkün olmaya bilər.

Bu isə Yer orbitində baş verəcək mümkün insidentin qlobal hərbi gərginliyi daha da artıracağı ilə bağlı narahatlıqları gücləndirir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->