Dünya 19:20 20.08.2022

Gələn aydan Danimarka Nikolayevi bərpa edəcək

Sentyabr ayında Danimarkanın Nikolayevin bərpası və yenidən qurulmasına kömək etməyə başlayacağı gözlənilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Nikolayev administrasiyasının rəhbəri Vitali Kim Danimarkanın Beynəlxalq əməkdaşlıq naziri Fleminq Meller Mortensen ilə görüşündən sonra bildirib.

Tədbirdə Nikolayev vilayət şurasının sədri Anna Zamazeyeva və Nikolayevin meri Aleksandr Senkeviç də iştirak edib. İclasa Prezident ofisinin rəhbərinin müavini Kiril Timoşenko sədrlik edib.

"Biz Danimarka ilə Nikolayev və regionun davamlı şəkildə bərpa və yenidənqurulmasını dəstəkləmək üçün konkret addımları nəzərdən keçirdik. Yaşayış binalarının, sosial və digər mühüm infrastrukturun dağıdılmasının nəticələrini göstərdim. Amma bizim yolumuz bərpadır. Buna görə də ən mühüm vurğu regionumuzun bərpasına yönəldilib”, – Kim öz Facebook səhifəsində yazır.

Danimarkanın Nikolayevi bərpa etməyə kömək edəcəyi hələ may ayında məlum olub. İyul ayında Ukraynanın bərpasına dair beynəlxalq konfransda Danimarka nümayəndəsi bildirmişdi ki, Danimarka Nikolayevdə istilik təchizatı sahəsində layihəyə 13,5 milyon avro ayıracaq. Eyni zamanda o bildirib ki, Danimarka artıq Ukraynaya 400 milyon avrodan çox humanitar və hərbi yardım köçürüb.

Nizami Bağırov