Sənət 17:12 15.05.2023

Gənc Tamaşaçılar Teatrının Baş rejissoru kim olacaq?

"Biz Gənc Tamaşaçılar Teatrında Nicat Kazımovun Baş rejissor olmasını istəyirik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva Gənc Tamaşaçılar Teatrının kollektivinin Nicat Kazımovun Baş rejissor təyin edilməsi ilə bağlı mədəniyyət naziri Adil Kərimliyə edilən müraciətdən danışarkən deyib. O bildirib ki, bu təyinat nazirin səlahiyyətindədir:

"Nicat Kazımov çox istedadlıdır. Bu illər ərzində teatra çox rejissor gəlib-gedib. Burada yaradıcı və eyni zamanda həssas insanlar işləyir. Teatr başqa bir aləmdir, bizim üçün hər şeydir. Baş rejissor da teatrın atası və anasıdır. Əsas odur ki, Nicat Kazımovu biz tanıyırıq, məsuliyyətlidir. Bura gələn mərhəmətli biri olmalıdır, çünki aktyorlar həssasdır, tez küsüb-inciyirlər. Nicat aktyorlarla dil tapa bilir. Teatrda uğurları var, "Pəri Cadu” tamaşası "Zirvə” mükafatına layiq görülüb. Bütün kollektivi tanıyır”. 

Naibə Allahverdiyeva Adil Kərimlinin Nicat Kazımovla bağlı edilən müraciəti müsbət dəyərləndirəcəyini ümüd etdiyini vurğulayıb: 

"Hər halda 100 nəfərlik kollektivin müraciətinə nəzər salacaq, sözümüzə əhəmiyyət verəcək. Biz öz istəklərimizi nazirimizə çatdırdıq”.
 
Qeyd edək ki, Xalq artisti Yasin Qarayev Mədəniyyət naziri Adil Kərimliyə müraciət edib. Müraciətdə Əməkdar Artisti Nicat Kazımovun Baş rejissor vəzifəsində görmək arzusunda olduğunu qeyd edib. 

Bahar Rüstəmli