"Bu abort deyil, erkən dərin doğuş sayılır".
Bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Təranə Həsənova hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadının xəstəxanada qanaxmadan ölməsi hadisəsinə münasibət bildirərkən deyib.
Həkim gənc ananın ölümün təəssüf etdiyini bildirib:
"Uşaqsalma zamanı qanaxma, uşaqlığın deşilməsi ehtimalı daha çoxdur. Ağırlaşmalar daha kəskin ola bilər. Fəsad artıq baş verib, çox heyif cavan bir qadın həyatını itirib. Əgər döldə qüsur olarsa, hamiləliyi sona çatdırmaq ailənin seçimidir. Birinci növbədə də hamilə qadının özünün. Əgər hamilə qadın bunu seçibsə, sonrasında bu hadisə olubsa, çox təəssüf. Həyatdan bir ana gedib. Bu gözlənilən fəsadlardan biridir. Düşük baş verən zaman və yaxud da erkən doğuşlarda, məsələn, hamiləliyin 22 həftəsində bu qüsur aşkarlansaydı və o zaman qadın hamiləliyin pozulmasına qərar versəydi, bu erkən dərin doğuş adlandırılacaqdı. Çünki 22 həftədən artıq uşaqsalmalar doğuş sayılır".

Təranə Həsənova hesab edir ki, ananın ölümü ilə bağlı məlumat tibbi baxımdan düzgün yazılmayıb:
"Çünki 5 aylıq 20 həftə deməkdir. 20 həftəlik hamiləlik birmənalı olaraq abort oluna bilməz. Belə məlumatlar yayılanda mütləq ginekoloqla məsləhətləşmək lazımdır ki, cəmiyyətdə düzgün reaksiya verilsin. Bu necə olur və abort nə deməkdir? Abort 12 həftəyə kimi aparıla bilər. 12 həftəlik hamiləliyin sonlandırılması abort sayılır, 13-14 həftə isə tibbi sosial göstəriş əsasında olmalıdır. Bundan yuxarı uşaqsalma adlanır".
Təranə Həsənova abortun bir çox ciddi fəsadlarının olduğunu xatırladıb:
"Qanaxma, uşaqlığın deşilməsi, iltihabı xəstəliklər və sonda sonsuzluğa yol aça bilər. Uşaqsalmanın fəsadları isə bundan ikiqat çoxdur".
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzində hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada ölüm xəbəri yayılıb. Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Qadın abort etdirmək qərarına gəlib. Abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.
Bahar Rüstəmli
Şərhlər