İdman 12:19 12.02.2022

Güləşçilərimiz beynəlxalq yarışlara Mahaçqalada hazırlaşır

Sərbəst güləş üzrə millimiz Dağıstanda növbəti təlim-məşq toplanışını keçir.

Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə yığmamız yanvarın 29-dan Mahaçqalada yerli komandayla birgə məşqlərini davam etdirir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında komandamız taktiki-texniki çalışmalara üstünlük verir. Başqa sözlə, xalça üzərində sparrinqlə məşqlər həyata keçirilir ki, bu da yarışlar ərəfəsində olduqca vacibdir.
 
Millimiz fiziki hazırlıq üzrə məşqləri yanvarda Olimpiya Güləş Mərkəzində keçib. Mahaçqala toplanışı fevralın 15-dək davam edəcək.

Güləşçilərimiz bu ay 2 yarışda qüvvəsini sınayacaq. Yığma üzvlərinin bir qismi fevralın 17-dən 20-dək Bolqarıstanın Veliko Tarnovo şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə keçiriləcək ənənəvi turnirdə çıxış edəcək. Digər güləşçilərimiz isə Türkiyəyə yollanacaq. Fevralın 24-dən 27-dək İstanbulda ilin ilk reytinq turniri baş tutacaq. Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın adını daşıyan yarışda pəhləvanlarımız da mübarizə aparacaq.
 
Səbuhi Həsənov