Elm adamları uzunmüddətli perspektivdə Yer üçün ciddi təhlükə yarada biləcək yeni bir asteroid qrupunun mövcudluğunu açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, Venera ilə eyni orbitdə hərəkət edən və Günəşin güclü işığında teleskoplarla görünməyən bu göy cisimlərinin xaotik və öngörülməsi çətin trayektoriyalara malik olduğu bildirilib.
San-Paulu Dövlət Universitetindən astronom Valerio Karruba araşdırmalarının müşahidə cihazları ilə görünməyən, lakin potensial olaraq təhlükəli asteroidlərin mövcudluğunu ortaya qoyduğunu deyib. Bu asteroidlər Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşmir, əksinə Günəş ətrafında Venera ilə rezonans halında hərəkət edirlər.
Onların mövqeyi səbəbindən yalnız Günəş istiqamətində baxışla müşahidə etmək mümkündür, lakin əks etdirdikləri işıq Günəşin parlaqlığında itir və nəticədə "görünməz" qalırlar. İndiyə qədər Venera ilə eyni orbitdə hərəkət edən 20 asteroid aşkar edilib.
"TRT Haber"in məlumatına görə, bu göy cisimlərinin orbitləri olduqca qeyri-sabitdir. Onların trayektoriyası orta hesabla hər 12 min ildən bir dəyişir və yalnız 150 il sonrasına qədər dəqiq proqnoz verilə bilir. Belə dəyişikliklər zamanı asteroidlər Venera orbitindən çıxaraq Yerə yaxınlaşa, hətta planetimizin orbitini kəsə bilirlər.
Karruba təqribən 300 metr diametrində bir asteroidin Yerə çarpması halında 3–4,5 kilometr enində krater aça biləcəyini və yüzlərlə meqatonluq enerji buraxaraq böyük şəhərlərdə dağıdıcı nəticələrə yol aça biləcəyini vurğulayıb.
Hazırda aşkar edilən Venera orbitli asteroidlərin ortaq xüsusiyyəti yüksək eksantriklik göstəricisidir. Bu səbəbdən onlar Yerə yaxınlaşdıqda yalnız gün batımı zamanı qismən müşahidə edilə bilirlər. Alimlər hesab edir ki, daha aşağı eksantriklik dəyərlərinə malik asteroidlər də təhlükə yarada bilər, lakin bunları belə hətta Vera Rubin Rəsədxanası yalnız məhdud şərtlərdə müəyyən edə bilir.
Mütəxəssislərə görə, bu "kor nöqtəni" aradan qaldırmağın ən effektiv üsulu Venera orbitinə yerləşdiriləcək və ya onunla eyni orbitdə hərəkət edəcək kosmik müşahidə məntəqəsidir. Həmçinin NASA-nın yaxın vaxtlarda işə salacağı "NEO Surveyor" missiyası da daxili Günəş sistemindəki bu riskli sahəni araşdırmaq üçün nəzərdə tutulub.
Aydın
Şərhlər