Dünya 21:20 31.01.2022

Gürcüstan ABŞ-ın puluyla ABŞ-dan 26 milyonluq Javelin alacaq

Gürcüstan hakimiyyəti müdafiəni gücləndirmək və tank əleyhinə imkanları təkmilləşdirmək üçün ABŞ-dan 26,2 milyon dollar dəyərində əlavə Javelin tank əleyhinə raket komplekslərinin partiyalarını almaq qərarına gəlib. 

Qaynarinfo bildirir ki, bu haqda Gürcüstan hökumətinin mətbuat xidməti xəbər verib.

Qeyd olunur ki, 2021-ci ildə Dövlət Departamenti əlavə olaraq 30 milyon dollara Javelin sistemlərinin Gürcüstana mümkün satışı barədə qərar qəbul edib. Müdafiə Nazirliyi dövlət və ictimai əhəmiyyətli tədbirin məhdud vaxt çərçivəsində keçirilməsi məqsədilə iki ölkənin hökumətləri arasında bağlanmış sazişə əsasən sadələşdirilmiş qaydada yeni tank əleyhinə nəqliyyat kompleksi alacaq. 

"Müdafiə Nazirliyinin prioritetləri nəzərə alınaraq qərara alınıb ki, ümumi dəyəri 26 milyon 246 min 866 ABŞ dolları olan "Javelin” sisteminin alınması ABŞ-ın ayırdığı, eləcə də Gürcüstanın dövlət büdcəsinə köçürülmüş vəsaitlər hesabına alınacaq”, - məlumatda deyilir.

Gürcüstan 2019-cu ildə ABŞ-dan Javelin tank əleyhinə sistemlərin alınmasını başa çatdırıb. Bundan əvvəl keçmiş müdafiə naziri İrakli Qaribaşvili departamentin 2020-ci ildəki işinə yekun vuraraq bildirib ki, Gürcüstan 2021-ci ildə ABŞ-da 30 milyon dollar dəyərində "Javelin” tank əleyhinə raket komplekslərinin partiyasını almağı planlaşdırır.
 
Alpər