Xəbər lenti

Gürcüstanı kim qarışdırır? (ŞƏRH)
Dünya10:30 29.10.2024

Gürcüstanı kim qarışdırır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Müxtəlif basqılar və siyasi təzyiqlər hələ bir müddət davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Gürcüstanda seçki sonrası cərəyan edən durumu şərh edərkən deyib.
"Qərb uzun müddətdir Gürcüstanın müstəqil qərarlar qəbul etməsini həzm edə bilmir. Tarixin müxtəlif dövrlərində ABŞ da daxil olmaqla Qərb Gürcüstanda qəbul edilən "Xarici agentlər haqqında" Qanun layihəsinə görə Tiflisə basqılar edir. Ümimiyyətlə, Qərbin ənənəvi ədalətsizliyi Gürcüstana yanaşmada da özünü göstərir. Qərb ölkələrində xarici agentlər və ona bənzər qanunlar qəbul etmək olar, amma Gürcüstan belə bir qanunu qəbul edib öz milli dövlətçiliyini qoruyanda onu şantaj edirlər", deyə Tural İsmayılov bildirib. 
Həmsöhbətimiz zənn edir ki, Gürcüstan hökuməti çağdaş dövrdə kifayət qədər vətənpərvər, böyük imkan və gücə malik bir komandadır:
"Məhz İrkli Kobaxidzenin gürcü milli dövlətçiliyinə bu qədər bağlı olması nəticəsində bu gün Gürcüstanın mövqeyi kifayət qədər yüksəlib. Gürcüstanda demokratik ruhda keçirilən seçkiləri nüfuzdan salmaq üçün hər bir vasitəyə əl atan neoimperalistlər gürcü xalqının siyasi iradəsini sabotaj etməklə məşğuldur. Demokratik keçirilən seçkini həzm edə bilməməklə Tiflisi şantaj etmək Avropa və Amerikanın iyrənc siyasətinin növbəti göstəricisidir. Ölkədə böhran vəziyyətini daha da gərginləşdirmək üçün seçkidən sonra Gürcüstana qarşı siyasi hücumların sayı daha da artıb. Hökumət də ölkəyə müdaxilə edilməyə çalışıldığı barədə dəfələrlə xəbərdarlıq edib. Bu baxımdan, ola bilsin ki, müxtəlif basqılar və vəziyyəti qarışdırmaq üçün siyasi təzyiqlər davam etsin. Amma hesab edirəm ki, onlar istəklərinə nail ola bilməyəcək, Gürcüstan bu sınaqdan da uğurla çıxacaq". 
Qeyd edək ki, parlament seçkilərindən sonra Gürcüstanda vəziyyət gərgin olaraq qalmaqdadır. Müxalifət dünən Tiflisdə etiraz aksiyası keçirərək, seçkinin nəticələrinin ləğvini və yenidən keçirilməsini tələb edib. Prezident Salome Zurabişvili çıxış edərək, nəticələri tanımadığını bildirib. Hökumət isə hələlik prosesləri kənardan müşahidə etməklə kifayətlənib. Amma onların da prosesə hazır olduqları hiss olunur. Belə ki, hakimiyyət dəfələrlə bəyan edib ki, müxalifətin ölkəni xaosa sürükləməsinə imkan verməyəcəklər. Hər halda indilikdə Gürcüstanda böhran dərinləşmək istiqamətində cərəyan edir. 
Rüfət Sultan