Xəbər lenti

Göydən zənbildə enən Bəşər Əsəd...
Hüseynbala Səlimov
Siyasət09:00 31.05.2021

Göydən zənbildə enən Bəşər Əsəd...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Bəli, ötən həftənin sonlarında Suriya daha bir məsələ ilə gündəmə gəldi – bu ölkədə növbəti "prezident seçkiləri” keçirildi.
Əlbəttə, daha düzgün olardı deyəsən ki, Bəşər Əsəd nəzarət etdiyi bölgələrdə prezdent seçkilərinə bənzər bir şey təşkil etdi. Bu necə seçki idi, nə ilə yadda qaldı, bunun üçün yetər ki, ikicə məqamı qeyd edək. 
Birincisi, B.Əsəd üçüncü dəfə prezident "seçildi”. İkincisi, səs verənlərin 95 faizdən çoxu səslərini Əsədə verdilər. Bu iki detal ölkənin siyasi aynası olmaq gücündədir. İndi demək olar ki, əksər ölkələrdə 90-95 faizlik seçki nəticəsi olmur və prezident də uzağı iki dəfə olmaq olur, buna hətta İran kimi qəliz ölkədə də əməl edirlər.  
Düşünürük ki, bütün bunlar Suriyada növbəti tragikomediyanın üstündən xətt çəkmək üçün yetər. Əlbəttə, biz hesab etmirik ki, Suriya probleminin yaranmasında ölkə müxalifətinin günahı Bəşər Əsəddən daha azdır. Hətta onu da etiraf edirik ki, bütün "ərəb baharları” kimi bu  problemin də məğzində yalnız demokratik motivlər dayanmırdı, yox, bu məsələdə də geosiyasi məqamlar nəzərəçarpacaq qədər, yetərincə idi...
Amma heç kim, xüsusən də Bəşər Əsəd bundan tutarlı bir nəticə çıxaramadı. Ən azı ona görə ki, bu adam gözünü açıb başqa şey görüb. Atası Hafiz Əsəd Suriyanı otuz ildən çox idarə etmişdi, özü də fövqəladə vəziyyət rejimində! 
Hakimiyyət də Əsədə atasından miras qalmışdı – gənc Əsədin hakimiyyət haqda başqa təsəvvürü yox idi. Nə də Türkiyə və İsraildən savayı çevrəsində, xüsusən də ərəb dünyasında elə bir demokratik ölkə yox idi ki, onu özünə nümunə və yaxud da görk eləsin. Əlbəttə, o, yüz minlərlə insanın həlak olduğu, milyonların qaçqın düşdüyü Suriya problemindən bir nəticə çıxara bilərdi, amma bunu etmədi, çünki hətta tarixin gəldiyi nəticə budur ki, insanlar, daha doğrusu, hakimiyyət və mənsəb başçıları tarixdən heç bir nəticə çıxarmırlar.
Bütün banlar daha çox kənar, xaric məqamlardır. Daxili motivlərə gəldikdə isə, on illərlə hakimiyyətdə qalanları çox şeylər, çox cəhətlər birləşdirir, bunlardan biri də onların idarə etdikləri insanlara qarşı həqarət hissidir. 
Bəşər də düşünür ki, hətta yüz il bundan sonra da suriyalılar əsl demokratiyaya, özünü idarə etməyə və öz liderlərini seçməyə "hazır” olmayacaqlar, onların əvəzində bunu kimsə başqası etməlidi və bu kimsə də Tanrının seçdiyi Əsədlər sülaləsidir.
Digər bir tərəfdən, despotları hakimiyyətə çox bağlayan onların törətdikləri cinayətdlərdir. Onlar o qədər oğurlayır, o qədər qan tökürlər ki, hakimiyyətdən dörd əllə yapışmaq, hətta çevrələrindəki insanları belə cinayət ortaqlarına çevirmək məcburiyyətində qalırlar, çünki bu cırtdan, avtoritar ölkələrin özəlliyi bundadır ki, böyük totalitar ölkələrdən savayı burada sementləyici, möhtəşəm ideologiya olmur. Əlbəttə ki, onlar nəsə uydurmağa çalışırlar, məsələn, Suriyada olduğu kimi, Hafiz Əsədi milli lider kimi təqdim edirlər, amma bundan bir fayda çıxmır, çünki xarizma elə bir şeydir ki, kiməsə yapışır, kiməsə də yapışmır...
Əsədin hakimiyyətdə qalmasının bir motivi də budur ki, onun getməyə yeri yoxdur. İstənilən yeni hakimiyyət onu tapmağa və təqib etməyə, var – dövlətini və sərvətini müsadirə etməyə çalışacaq. Belə "liderlər” öz hakimiyyətlərini siyasi mübarizənin ən qəliz yolu ilə, daha çox terrorla başa vururlar. Odur ki, bir gün eşitsək ki, Əsədə qarşı da terror hadisəsi baş verib, əsla buna təəccüblənmərik,- həm də ona görə ki, bir adamın hakimiyyətinə son qoymaq üçün bütün xarici təzyiqlər, daxili təpkilər və çarpışmalar bir nəticə vermirsə, başqa bir yol da qalmır...
Heç sözsüz ki, bir gün Suriyadakı Əsəd epopeyasına da son qoyulacaqdır. Buna zərrə qədər şübhə yoxdur. Ən dəhşətlisi budur ki, despotlar başqalarının aqibətindən nəticə çıxarmırlar, halbuki onlar bir qayda olaraq eyni ssenarini təkrar edirlər. Amma daim bir detalı unudurlar: siyasi təhlükə Hafiz Əsəddən sovuşdu, mümkündür ki, o, Bəşər Əsəddən də sovuşacaq. Amma əbədi olaraq belə davam etməyəcək, çünki bəzən syasətdə ataların əvəzinə oğullar və yaxud da uzağı nəvələr cavab verməli olurlar...