Xəbər lenti

Haaqada Rusiyanın Ukraynaya vurduğu zərərin reyestri yaradılacaq
Dünya05:51 18.02.2023

Haaqada Rusiyanın Ukraynaya vurduğu zərərin reyestri yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandın Nazirlər Kabineti Haaqada Schaderegister təşkilatının - Ukraynaya qarşı hərbi təcavüz nəticəsində Rusiya Federasiyasının vurduğu zərərin beynəlxalq reyestrinin yaradılması haqqında qərarı təsdiqləyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə fevralın 17-də Niderlandın "Reformatorisch Dagblad” nəşri və Ukrayna Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Nəşr bildirir ki, Schaderegister təşkilatının yaradılması BMT-nin müvafiq qətnaməsi ilə Rusiyanın müharibə zamanı vurduğu zərərin yerini və miqdarını qeyd etmək üçün təsdiqlənib.
Reyestrdə müharibənin ukraynalılara, biznes qurumlarına və dövlətə vurduğu zərər haqqında məlumatlar yer alacaq.
"Rusiyanın Ukraynaya müdaxiləsi böyük dağıntılara səbəb olub və təzminat tələbləri bu il Haaqada yaradılmış yeni təşkilata verilə bilər. Nazirlər Kabineti bununla razılaşıb", - məlumatda deyilir.
Niderlandın xarici işlər naziri Vopke Hukstra qeyd edib ki, BMT Rusiya Federasiyasından əlavə təzminat tələb etmək üçün itkilərin tam həcmini sənədləşdirməyə icazə verib. Onun sözlərinə görə, Ukraynada çoxlu məktəblər, xəstəxanalar, evlər, yollar və digər infrastruktur dağıdılıb, yüz milyardlarla itkilərə səbəb olub.
"Reyestr beynəlxalq hüquq normalarına uyğun olaraq təcavüzkar dövlətin Ukraynaya vurduğu ziyana görə tam kompensasiya ödəməsini təmin etmək üçün nəzərdə tutulmuş kompleks kompensasiya mexanizminin birinci komponenti olmalıdır”, - Ukrayna Ədliyyə nazirliyinin məlumatında deyilir. 
"Biz Niderland hökumətinin öz ərazisində Zərərlər Reyestrinin yerləşdirilməsi ilə bağlı prinsipial qərarını alqışlayırıq.
Rusiyanın bizim vətəndaşlarımıza, biznesimizə, dövlətimizə vurduğu dağıntılar, zərərlər çox böyükdür. Təcavüzkar ölkə beynəlxalq hüquqa görə onlara təzminat ödəməyə borcludur. Bunun üçün zərər diqqətlə sənədləşdirilməli, qiymətləndirilməli və gələcəkdə baxılmaq üçün hazırlanmalıdır.
Haaqa şəhəri, şübhəsiz ki, beynəlxalq ədalətin paytaxtıdır və Ukraynanın təklif etdiyi təzminat mexanizminin ilk komponenti kimi, Zərərlər Reyestrinin orada yerləşməsi daha məqsədəuyğundur. Biz Niderlanda prinsipial mövqeyinə və Rusiyanın Ukraynaya qarşı təcavüzə görə məsuliyyəti yolunda liderliyinə görə təşəkkür edirik və bütün tərəfdaşlarımızı təzminat mexanizminin yaradılması işinə qoşulmağa çağırırıq”, - nazir Denis Malyuska bildirib.
Nizami Bağırov