
Türkiyə çempionatının "Trabzonspor" - "Fənərbaxça" matçında köməkçi hakim Volkan Bayarslanı meydançaya girərək vuran Oğuzhan Mutlu sərbəst buraxılıb.
Qaynarinfo.az xəbər verir ki, Mutlu dünən insidenti törətdikdən sonra tutulmuş, yaşı 18-dən az olduğu üçün Trabzon Polis Bölməsinin Uşaqlar üçün olan şöbəsində saxlanmışdı. Səhər prokurorluqda ona qarşı "İctimai görəvlini yaralama" və "6222 saylı İdmanda Şiddət və Düzənsizliyin Önlənməsinə dair Qanuna müxalif olmaq" maddələri ilə iş qaldırılmışdı. Mutlu daha sonra Növbətçi Sülh Cəza Hakimliyinə aparılmış, orda peşman olduğunu və etdiyi hərəkətdən məyus olduğunu bildirmişdi.
17 yaşlı azarkeş ifadəsində bunu bildirib: "Matçın atmosferi altında bir anda əsəbləşərək meydançaya girdim. Hakimə etdiyim hərəkətə görə çox məyus və peşmanam. "Trabzonspor" camiəsinə verdiyim zərərə görə də ayrıca məyusam". Məhz bundan sonra o, şərti azadlığa buraxılıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı tutulan digər azarkeş isə ifadəsində meydançaya atılmadığını, yalnız tribunalardakı qarışıqlıq sırasında meydançaya düşdüyünü, ancaq hakimin üstünə cummaq niyyətinin olmadığını bildirib.
Qaynarinfo.az