Xəbər lenti

Helikopterlər özünə çəkən nəhəng almaz mədəni: Harda yerləşir?
Dünya 20:50 06.07.2026

Helikopterlər özünə çəkən nəhəng almaz mədəni: Harda yerləşir?

Rusiyanın şərqində, Yakutiyada yerləşən "Mir" almaz karxanası dünyanın ən böyük açıq mədənlərindən biri hesab olunur. Təxminən 525 metr dərinliyə və 1,2 kilometr diametrə malik olan nəhəng karxana hətta kosmosdan belə görünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri yazır.

1955-ci ildə sovet geoloqları tərəfindən kəşf edilən yataq SSRİ üçün mühüm iqtisadi əhəmiyyət daşıyırdı. II Dünya müharibəsindən sonrakı bərpa dövrünə təsadüf edən bu kəşf ölkənin almaz ehtiyatlarına olan tələbatının ödənilməsinə kömək edib. Yatağın aşkar edilməsinə görə geoloqlar SSRİ-nin ən nüfuzlu mükafatlarından biri olan Lenin mükafatına layiq görülüblər.

Karxananın istismarına 1957-ci ildə başlanılıb. Lakin bölgənin sərt iqlimi işləri xeyli çətinləşdirirdi. Yakutiyada qış mövsümü təxminən yeddi ay davam edir və havanın temperaturu tez-tez -40 dərəcəyədək enir. Yay aylarında isə donmuş torpaq əriyərək palçığa çevrilirdi ki, bu da tikinti və hasilat işlərini mürəkkəbləşdirirdi.

Bütün çətinliklərə baxmayaraq, "Mir" qısa müddətdə Sovet İttifaqının ən böyük almaz karxanasına çevrilib. 1960-cı illərdə burada hər il təxminən 10 milyon karat, yəni iki tona yaxın almaz hasil edilirdi. Onların təxminən 20 faizi zərgərlik keyfiyyətinə malik idi.

Karxana 1957-ci ildən 2001-ci ilədək açıq üsulla istismar olunsa da, təhlükəsizlik səbəbindən həmin ildən bu üsulla hasilat dayandırılıb. Bundan sonra almazların çıxarılması yeraltı mədən vasitəsilə davam etdirilir. Hazırda yatağı dünyanın ən iri almaz istehsalçılarından biri olan "Alrosa" şirkəti istismar edir.

Nəşrin yazdığına görə, karxananın böyük dərinliyi və diametri ətrafdakı hava axınlarına təsir göstərə bilər. İddialara əsasən, yaranan aerodinamik şərait helikopterlər və kiçik təyyarələr üçün əlavə risk yarada bilər. Bu səbəbdən karxananın üzərindəki hava məkanı ciddi nəzarət altında saxlanılır və uçuşlar məhdudlaşdırılır.

Qeyd edək ki, bu barədə geniş yayılmış məlumatlar mövcud olsa da, karxananın üzərində uçuşların qadağan edilməsinin əsas səbəbinin "udma effekti" olması elmi cəhətdən təsdiqlənməyib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->