İsrail hərbçiləri Ramallahda HƏMAS hərəkatının liderlərindən biri olan Hüseyn Əbu Queyqi saxlayıb. İddia edilir ki, o, İordan çayının qərb sahilindəki Əl-Bira şəhərində keçirilən reyd zamanı həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fələstinin "Qüds" portalı mənbələrə istinadən məlumat
yayıb.
İsrail hələ ki, Hüseyn Əbu Queyqin saxlanılması barədə məlumat verməyib. O, əvvəllər HƏMAS-dakı fəaliyyətinə görə bir neçə dəfə İsrail və Fələstin Milli Administrasiyası tərəfindən saxlanılıb.
İsrail ordusunun İordan çayının qərb sahilindəki reydləri HƏMAS-la Qəzza zolağında oktyabrın 7-dən davam edən müharibə fonunda davam edir. Müharibə Qəzza zolağından 1,2 min israillinin ölümü, 5,4 min nəfərin yaralanması, 200-dən çox insanın girov götürülməsi ilə nəticələnən hücumla başlayıb. İsrailin cavab əməliyyatı nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 11,1 minə yaxın fələstinli həlak olub. 27,5 min nəfər xəsarət alıb. İordan çayının qərb sahilində 46-sı uşaq olmaqla 180-dən çox fələstinli öldürülüb, 2,7 min nəfər isə yaralanıb.
Nizami Bağırov