"Nəzəri belə addım atıla bilər, amma bunun üçün bəzi şərtlər yerinə gəlməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu HƏMAS-ın ideoloqlarından Musa Abu Marzukun üzvü olduğu qruplaşmanın İsraili tanıya və Fələstin Azadlıq Təşkilatına qoşula biləcəyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Ekspert deyib ki, HƏMAS nə qədər radikal dini təşkilat kimi tanınsa da, o da müəyyən dövrlərdə nizamnamə və strategiyasında dəyişiklik edib:
"Buna oxşar açıqlama 2017-ci ildə təşkilatın yenidən strukturlaşması zamanı da baş verib. İndi də nəzəri olaraq mümkündür, amma bunun üçün şərtlər yerinə gəlməlidir. Söhbət İsrailin ən azı 1967-ci il müharibəsinə qədərki sərhdələrə qayıtması, sülh danışıqlarının başlaması kimi ön şərtlərdən gedir. Güman ki, Mərzuq buna işarə edir. İndiki halda isə Qətər dövləti bu işi yönəldir. Yəni, Qətər beynəlxalq təzyiqləri azaltmaq üçün HƏMAS-ın danışıqlara açıq olduğunu göstərmək istəyir. Lakin düşünürəm ki, indiki halda bu elə də real deyil".
Qeyd edək ki, HƏMAS Siyasi Bürosu rəhbərinin müavini Musa Abu Marzuk Amerikanın "AI Monitor" nəşrinə müsahibəsində HƏMAS qruplaşmasının İsrail dövlətini tanıya və Fələstin Azadlıq Təşkilatına qoşula biləcəyini bəyan edib. Onun sözlərinə görə, bu, HƏMAS və Fələstin Azadlıq Təşkilatı arasında ixtilafların qarşısının alınması üçün istinad nöqtəsi ola bilər. Marzuk bəyan edib ki,İsraili dövlət kimi tanıyan BMT-nin rəsmi mövqeyinə uyğun davranmaq gərəkdir.
Rüfət Sultan